“Şuşa hər dəfə hücumlara qalib gələ bilib”

Prezident İlham Əliyev Şuşada Poeziya Günlərinin açılışında bildirib ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd ediləcək. Ölkə başçısı vurğulayıb: “Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür.

Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik.

Müzəffər xalq kimi gəldik.

Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

 Tarixçi-alim Kərəm Məmmədov “Sherg.az”a açıqlamasında Şuşanın ən qədim və əzəmətli Azərbaycan şəhərlərindən biri olduğunu söyləyib:

“Şuşa Pənahəli xan tərəfindən əvvəlcə qala şəklində inşa olunub. Məlumdur ki, Şuşamız çox hücum görsə də, hər dəfə buna qalib gələ bilib. Çox sevindiricidir ki, bu əzəmətli şəhərimiz öz sahiblərinə qaytarıldı.

Ordumuz 44 günlük müharibədə böyük tarix yazdı, torpaqlarımız düşməndən azad olundu. Müəyyən zaman keçdikdə nəinki Şuşada, digər torpaqlarımızda da təntənəli mərasimlər qeyd ediləcək. Bu gün hər bir vətəndaşımız böyük fəxarət hissi keçirir.

Çünki dövlət başçısı da bildirdi ki, 2022-ci ildə Şuşamızın 270 illiyini qeyd edəcəyik. Bizim üçün bundan gözəl hiss ola bilməz”.