Şuşanı qarış-qarış gəzən yazıçı: “Dərin tarixi mənaya malikdir”

Tanınmış ədəbi-tənqidçi Əsəd Cahangir də Şuşada keçirilən Vaqif Poeziya günlərində iştirak edib. O, da Şuşanı görən hər kəs kimi ürəyidolu, bol təəssüratlarla qayıdıb. Əsəd bəylə əlaqə saxlayıb, gördüklərini, duyğularını bizimlə bölüşməsini istədik.
O, “Sherg.az”a Şuşada keçən iki günü nağıla bənzətdiyini söylədi:

“Cəmi 10 ay öncə Şuşada olmaq bir yuxu kimi görünürdü. Amma Ali Baş Komandan cənab İlham  Əliyevin uzaqgörən, bacarıqlı və müdrik siyasəti, xalqımızın, ordumuzun rəşadəti ilə bu nağılı gerçəkləşdirmək, Şuşaya getmək nəsib oldu. Həm özümün, həm də bütün ziyalıların, millətimzin   adından  Cənab prezidentə təşəkkür edirəm.

Onu da deyim ki,  Şuşa ərazi olaraq elə də böyük şəhər deyil. Lakin orada bir çox tarixi  abidə var. Ərazisi Şuşadan 10 dəfə böyük şəhərlərdən qat-qat dərin tarixi mənaya malikdir. Orada olduğumuz müddətdə mümkün qədər vaxtdan istifadə etməyə, şəhərin hər yerində olmağa çalışdıq.

Şuşa dağlıq relyefdə yerləşir. Küçələr gah yuxarı, gah da aşağı doğru gedir. Bakıdan fərqlidir, həmçinin taksi və maşın da yoxdur. Ona görə elə də asan deyildi. Yenə də Şuşanı qarış-qarış gəzməyə nail olduq.

Mənim söylədiklərimi anlamaq üçün o anları yaşamaq lazımdır. Erməni vandalizmi Şuşadan da yan keçməyib, otuz il ərzində şəhər  xarabalığa çevrilib. Şuşa azad olunduqdan sonra burada təmir-bərpa işlərinə başlanıldı.  Artıq tarixi mədəni küçələr, abidələr bərpa olunub. Yaxın bir il ərzində şəhərin yenidənqurma, təmir işləri bitəcək.

Şuşa yalnız  Azərbaycanın deyil, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək.  Vaqif Poeziya günlərinin açılışında Prezident Şuşanın Azərbaycan tarixində rolu, Vaqifin ədəbiyyatımızdakı yeri,  məqbərinin tarixi, onun yenidən bərpası məsələləri  ilə bağlı  geniş çıxış etdi.

Bunun yalnız mədəni deyil, həm də dövlətçilik hadisəsi olduğunu, mühüm beynəlxalq siyasi əhəmiyyət daşıdığını söylədi. Biz  istər 1982-ci ildə, istərsə də  bu gün Vaqif məqbərəsini bərpa etməklə bütün dünyaya  mesaj göndərdik.

Dedik ki, Molla Pənah Vaqif bizim nəhəng  şairimizdir, müasir Azərbaycan poeziyasının banisi, görkəmli dövlət xadimidir. Onun məqbərəsi bir daha  göstərir ki, Şuşa, Qarabağ Azərbaycandır.

Ermənilərin  nə Şuşaya, nə də Qarabağa aidiyyəti var. Onlar Vaqif böyüklükdə  şair yetişdirə bilməyiblər. İkinci bir tərəfdən Şuşanın küçələri ilə gəzib, tarixi abidələrinə baxdım.

Dedim ki, ermənilər Şuşanı öz şəhərləri hesab edirdilərsə, niyə 30 il müddətində orada təmir-tikinti işləri aparmayıblar? Çünki  bilirdilər ki, Şuşa onların deyil, gec-tez öz sahibləri gələcək. 

Bu gün biz qayıtdıq. Qayıdışın başında M.P.Vaqifin  ruhu dururdu,  biz də  onun müqəddəs məqbərəsinin önündə toplaşaraq bütöv Azərbaycanı təmsil etdik. Sonsuz qürur duyurduq”.