“Həlqə daralır”! – “Araik Azərbaycan məhkəməsində mühakimə olunacaq” 

Qondarma Artsaxın “müstəqillik” günü ilə bağlı “tədbirlər planı” Ermənistanda ciddi məyusluq yaradıb. Ölkənin məşhur KİV-lərindən NEWS.am yazır ki, “Artsax artıq dövlət deyil, ictimai birlikdir, dərnəkdir”. “Bu il “Artsax”ın yubiley yaşıdır, 30 illiyidir. O, daha təntənəli şəkildə, ən azı, ötən illərdə olduğu kimi qeyd edilməliydi. Məsələn, 2018-ci il sentyabrın ikisində Baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, habelə Prezident Armen Sarkisyan “Artsaxa” getdilər, “Respublika Günü” tədbirlərinə qatıldılar.

2019-cu ildə isə Ermənistan parlamentinin spikeri orada idi. Bu il ilk dəfədir ki, “Artsax”ın təhlükəsizliyinin qarantı olan Ermənistandan dövlət rəhbərləri “Artsax”ın “Müstəqillik Günü” tədbirlərinə qatılmadı.

Hansı ki, “müstəqilliyin” 30 illiyidir, yubileydir”-deyə NEWS.am yazır. KİV əməkdaşı qeyd edir ki, 44 günlük müharibədən sonra “Artsax”  tipindən çıxaraq, ictimai birlik, dərnək statusuna düşüb”.

Erməni mətbuatının iddiasını “Sherg.az”a şərh edən millət vəkili Elman Məmmədov bildirib ki, ermənilər özləri də “Artsax”ın qondarma rejim olduğunu bilirlər:

Düşmən “Suya düşən saman çöpündən yapışar” misalı vurnuxur, çırpınır. Amma nəticəsiz qalacaq. “Artsax” heç ictimai birlik, dərnək də olmayacaq. Prezident İlham Əliyev hələ müharibə dövründə bildirmişdi ki, status cəhənnəmə getdi”.

 E.Məmmədov, həmçinin proseslərin nə ilə nəticələnəcəyini söylədi: 

“Son sözü Azərbaycan ordusu deyəcək. Biz qondarma respublikanın başçısı Araik Arutunyanı və digərlərini beynəlxalq axtarışa vermişik. Onların haqqında cinayət işi açılıb. Həmin şəxslər Azərbaycan məhkəməsində mühakimə olunacaqlar. Sülhməramlılar hələlik erməniləri müdafiə edirlər. Bu, təxribat  məqsədlidir.
Amma “həlqə daralır”. Yaxın zamanda baş verənlərin nəticəsini görəcəyik”.