Rusiyanın “Qarabağ oyunu”:“Sülhməramlıları çıxarmaq istəmir” – Planı var!

“Baş verənlər şimal qonşumuzun öz planıdır”

“Qanunsuz silahlı birləşmələrin Qarabağda saxlanması da birbaşa Moskvanın maraqları daxilindədir”

“Bu, Azərbaycana nələrisə diktə etmək üçündür”


Ermənistan, az qala, bir aydır Xankəndidə qondarma rejimin “30 illiyinin” qeyd edilməsi ilə bağlı aləmə car çəkirdi. Amma dünən gördük ki, heç nə olmadı. Oldusa belə, bu barədə informasiya yayılmadı. Çünki utanmasalar da, qorxurlar. Özü də necə lazımdır, elə...
Beləliklə, İrəvan  hay-küy salmaqdan başqa bir şey bacarmadığını növbəti dəfə sübut etdi. Bəs nə oldu ki, düşmən qondarma rejimin “müstəqilliyini” keçirmədi? 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə “Sherg.az”ın suallarını cavabladı: 

- Niyə Xankəndidə tədbir təşkil olunmadı?

- Düzdür, ermənilər iddialı danışırdılar. Amma artıq reallıqla barışmalı olublar. Gerçəklik bundan ibarətdir ki, Azərbaycan öz torpaqlarını azad edib və Xankəndinin Azərbaycana qaytarılması ilə bağlı Azərbaycan, Rusiya, Ermənistan hökumətləri arasında razılıq var. Əlbəttə, Moskva İrəvandan daha tez reallığı qəbul edib. Əks halda Ermənistan belə davranmazdı. Xankəndidə təntənə keçirilməməsi yaxşı haldır. Lakin arxayınlaşmaq olmaz.

- Nə etməliyik?

- Ermənistan baş naziri Nikol Paşinyan “Artsax” məsələsinin həll olunmaması haqqında bəyanat səsləndirib. Görünür, nəsə etməyə çalışırlar. Ümumiyyətlə, Rusiya oyun oynayır.

- Məqsəd nədir?

- Kreml otuz il status-kvonun dəyişməsinə imkan vermədi. İndi də sülhməramlıları Qarabağdan çıxarmaq istəmir.

- Xankəndidə ciddi tədbir keçirilməsə də, Şuşada təxribat oldu...

- Dediyim kimi, Moskvanın müəyyən fikirləri var. Biz buna adekvat davranmalıyıq. Sülhməramlılar Şuşaya nəzarət edirlər. Deməli, baş verənlər şimal qonşumuzun öz planıdır. Qanunsuz silahlı birləşmələrin Qarabağda saxlanması da birbaşa Moskvanın maraqları daxilindədir. Bu, Azərbaycana nələrisə diktə etmək üçündür. Amma əgər sülhməramlılar həmin terrorçuları zərərsizləşdirmirlərsə, deməli, funksiyalarını yerinə yetirə bilmirər. Bu isə o deməkdir, ruslar bölgəni tərk etməlidirlər.