“Təlimlərin Laçında keçirilməsi təsadüfi deyil” – Düşmənə mesaj

“Odur ki, ermənilər revanşist niyyətlərindən əl çəkməlidirlər”


Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət!" anlayışı ilə bir yumruq olmağa davam edir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında "Birgə Komando Əməliyyatı" təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək", - nazirlikdən bildirilib.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov sözügedən təlimlər barədə “Sherg.az”a danışarkən bildirdi ki, hazırlıqların Laçında keçirilməsi təsadüfi deyil: 

“Proqram əvvəlcədən tərtib edilib. Laçın mina cəhətdən daha az təhlükəlidir. İkinci bir tərəfdən, rayonun səciyyəvi xüsusiyyətləri buna imkan verir. Laçın Qarabağın relyefini tamamilə özündə əks etdirir. Fikrimcə, gələcəkdə birgə hərbi təlimlərin Qarabağ torpaqlarında keçirilməsi daha məqsədəuyğundur”.

 Ş.Ramaldanov düşünür ki, təlimlər həm də siyasi əhəmiyyətlidir:

 “İlk növbədə Bakı ilə Ankara arasında əməkdaşlıq güclənir. Tərəflər bir-birilərinin təcrübələrini öyrənirlər. Bu, istənilən an bir ordunun digər ölkənin maraqları naminə səfərbər olması üçün çox vacibdir. Təlimlər dostları sevindirir, düşmənlərimizi isə narahat edir. Odur ki, ermənilər revanşist niyyətlərindən əl çəkməlidirlər.

Azərbaycan və Türkiyənin yeganə marağının regiondakı sabitlik olduğunu bilməlidirlər. Biz sülhə hazırıq. Fikrimcə, təlimlər stabilliyi qoruyan güc mərkəzi kimi qiymətləndirilməlidir”.