“Ruslar Xankəndinə xoş niyyəti üçün gəlməyib”

Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib. Bu barədə “Report”un Rusiya bürosuna Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.
“Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır” – deyə xidmətdən qeyd ediblər.

Xatırladaq ki, adıçəkilən portalda Rusiya Müdafiə Nazirliyinə aid yaşayış binalarının yerləşdiyi ərazi “Dağlıq Qarabağ respublikası” kimi qeyd olunduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi qonşu ölkəyə etirazını bildirmişdi.

Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmovun fikrincə, aydın məsələdir ki, Rusiyanın Xankəndi iqtisadi zonasında yerləşən hərbi kontingenti ora sülhməramlı niyyəti ilə gəlməyib:

“Azərbaycanda kimsə buna inanmır. Rusiyanın indiyə qədər qonşularına olan münasibətinə görə inanmaq çətindir. Rusların bölgəyə yerləşdikdən sonrakı davranışları onu göstərir ki, niyyətləri xoş deyil. Əvvəlki zamanlara fikir verək: Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra rusların hərbi hissəsi Xankəndinə köçürüldü. Ermənilər əvvələr Xankəndini tərk etmişdi, ancaq ruslar onları geri qaytardılar. Beləliklə, silahlı və silahsız erməniləri yenidən Azərbaycan torpaqlarına yerləşdirdilər”.

H.Rüstəmov qeyd edib ki, rusların atdıqları bütün addımlar Azərbaycan dövləti və xalqının mənafeyinə ziddir:

“Dəfələrlə erməni silahlı birləşmələri hərbçilərimizə atəş açıb. Amma rus sülhməramlıları susqunluq nümayiş etdirib. Ona görə də adıçəkilən saytda isə “Dağlıq Qarabağ Respublikası” adlı ifadənin yer alması rusların əsl xislətini ortaya qoyur. Ruslar istənilən halda bütün dünyaya göstərmək istəyirlər ki, bölgədə sülhməramlı yox, əksinə Azərbaycan dövlətinin maraqlarına zidd olan fəaliyyətləri həyata keçirirlər. Bu fəaliyyət də daha çox ermənilərin maraqlarına uyğundur”.