Azərbaycan öz ərazisində polis postu qurub

Ermənilər anlamalıdır ki, yük və sərnişin daşınmalarının həyata keçirilməsi üçün dövlətlərarası müqavilə olmalıdır


“Ermənistan və İran Azərbaycana təzminat ödəməlidirlər. Hər iki ölkə 30 ilə yaxın bir zaman kəsiyində Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən qanunsuz olaraq tranzit yük daşınmaları həyata keçiriblər”. Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Ekspert bildirib ki, Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində polis postunun yerləşdirilməsi erməni mediasının əsas müzakirə mövzusuna çevrilib: “Müzakirələrdə erməni cəmiyyətinə xas yanaşma – təlaş, qorxu və əsassız iddialar, ittihamlar yer almaqdadır. Ermənistan siyasətçiləri iddia edirlər ki, Gorus-Qafan yolu “beynəlxalq avtomobil yoludur” və Azərbaycan bu yolun öz ərazisindən keçən hissəsində polis nəzarəti məntəqəsi yerləşdirməklə beynəlxalq hüquq normalarını pozur. Lakin hər zaman olduğu kimi beynəlxalq hüququn hansı norma və prinsiplərinin pozulduğu haqqında danışmırlar. Bu klassik yalançılar unudurlar ki, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycan Respublikasının ərazisindən keçdiyi üçün bu yol vasitəsilə həyata keçirilən bütün daşınmalar beynəlxalq tranzit daşınmalar hesab olunur”.

E.Mirzəbəyli vurğulayıb ki, "Sərhəddə yüklərə nəzarətin həyata keçirilməsinin şərtlərinin razılaşdırılması haqqında" konvensiyaya görə, tranzit yük və sərnişin daşınmalarının həyata keçirilməsi üçün dövlətlərarası müqavilə olmalıdır: 

“Bu yolun Azərbaycan ərazisindən keçən hissəsi ilə bağlı isə Azərbaycanla Ermənistan və İran arasında nə ikitərəfli, nə də üçtərəfli müqavilə imzalanıb. Əksinə, 30 ilə yaxın müddət ərzində Ermənistan və İran qanunsuz olaraq Azərbaycan ərazilərindən yük daşınmaları həyata keçirib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq, ölkə ərazisindən keçən bütün yükləri yoxlaya, gömrük və fitosanitar nəzarəti, eləcə də digər prosedurları həyata keçirə bilər”.

İsmayıl