“Fransaya nota verilməli, diplomatik əlaqələrə baxılmalıdır”


“Söhbət Fransadan gedirsə, bu səfərlər artıq bir neçə dəfə təkrar olunub”

“O şəxsləri əraziyə buraxan “sülhməramlı”ların ilk kontingentinin və rəhbərinin dəyişdirilməsi tələbi irəli sürülməlidir”

“İstər qanunsuz səfərlər, istərsə də digər formalarda Rusiya “sərhəd”i çoxdan keçib”


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir:

“O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır.

Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək.
Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”.

Baş verənlər rus “sülhməramlılarının” fəaliyyətsizliyini bir daha sübut edir. Bu baxımdan adekvat tədbirlərin görülməsinə ehtiyac var. Maraqlıdır, Xankəndiyə girişin məhdudlaşdırılması üçün müvafiq postların qurulması problemi həll edə bilərmi?

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Azərbaycan Yüksəliş Partiyasının (AYP) sədri Anar Əsədli qeyd edib ki, nəinki Fransa Milli Assambleyasının üzvü Pupponinin, Xankəndinə olan bütün qanunsuz səfərlərin məsuliyyətini rus sülhməramlıları daşıyır:

“Qanunsuz səfərlərin qarşısını almaq üçün 2 cür addım atıla bilər. Hüquqi və praktiki addım.
Hüquqi tərəfi odur ki, Azərbaycanın suveren ərazisinə dövlətin icazəsini almadan səfər edən şəxslər “persona non grata” elan olunmalıdır. 

Həmin şəxslərin təmsil etdiyi dövlətə isə ilk başda xəbərdarlıq, nota verilməli və addımları təkrarlanarsa, diplomatik əlaqələr kəsilməlidir. Söhbət Fransadan gedirsə, bu səfərlər artıq bir neçə dəfə təkrar olunub. 

O şəxsləri əraziyə buraxan “sülhməramlı”ların ilk kontingentinin və rəhbərinin dəyişdirilməsi tələbi irəli sürülməlidir. Yenə təkrar olunarsa, ümumilikdə bu missiyadan Rusiya azad edilməli idi. İstər qanunsuz səfərlər, istərsə də digər formalarda Rusiya “sərhəd”i çoxdan keçib.

Praktiki addımlara gəlincə, etməli olduqlarımızı 44 günlük müharibə bitdikdən bəri duyurmağa çalışırıq. İlk növbədə müvafiq ərazi təxribatçılardan təmizlənməlidir. 

Düşmən diverisyada iddialıdırsa, antiterror əməliyyatı keçirilməlidir. Müharibə demək olmaz buna, çünki müharibə iki dövlətin ordusu arasında baş verir. Faktiki olaraq Ermənistanın ordusu məhv edilib”.

A.Əsədli onu da diqqətə çatdırıb ki, terror yuvası təmizləndikdən sonra Azərbaycan tərəfi müvafiq ərazidə postlar qurmalı, Laçın istiqamətində təhlükəsizlik tədbirləri və monitorinqin gücləndirilməsi işləri aparılmalıdır:
“Nəinki post, hətta ABŞ-Meksika sərhədindəki kimi beton divarlar belə çəkilməlidir. Çünki söhbət mövzusu sülhü və sabitliyi hər vəchlə sabotaj etməyə meyilli olan ermənilərdisə, bu addımlar atılmalıdır. Sülh müqaviləsinin imzalanması labüddür. Tarixdə də Rusiya və Yaponiya arasındakı müharibə istisna olmaqla, elə bir təcrübə yoxdu ki, müharibə bitsin və tərəflər arasında sülh bəyannaməsi imzalanmasın. Üçtərəfli bəyanatda bəzi məqamlar tam açılmayıb, Rusiya və Ermənistan da bundan sui-istifadə edir. Torpaqların suveren Azərbaycan ərazisi olduğu müqavilədə açıq şəkildə bildirilməlidir. Bunlar edilmədiyi təqdirdə Xarici İşlər Nazirliyinin notaları sadəcə kağız üzərində qalacaq”.

Yegane Bayramova