Ermənilər Qarabağdan köçürlər! - “İran və Rusiya əngəl törədir”

Qarabağda qanunsuz olaraq məskunlaşan erməni ailələri İkinci Qarabağ savaşından sonra İrəvana köçməyə başlayıblar.  Bu gün Azərbaycan əsgərinin nəzarətində olan torpaqlarımız tam şəkildə ermənilərdən təmizlənib, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə isə erməni ailələrinin Qarabağdan köçü hələ də davam edir. 

Ermənistan Milli Statistika Xidmətinin Araşdırma və Xəbərlər Departamentinin rəhbəri Leonid Soqomonyan deyib ki, indiyədək Qarabağda olan 986 ailə araşdırılıb və onlardan 408-i hazırda paytaxt İrəvanda məskunlaşıb. Bu da Qarabağda yaşayan ermənilərin ümumilikdə 48,4 faizini təşkil edir. 
Bununla da Ermənistan rəhbərliyinin növbəti yalanı üzə çıxmış olur. Belə ki, onlar Qarabağda on minlərlə erməninin qaldığını desə də, özlərinin açıqladığı rəsmi statistika və kütləvi köç bunun tam əksini göstərir.

Bu barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədovun sözlərinə görə, indiki aqibətin günahkarı ermənilər özləridir: 

“Köç siyasəti hələ 1988-ci ildən davam edir. Qarabağdakı ermənilər imkan tapan oradan çıxır, başqa ölkələrə gedirdilər. Ermənistana köçənlər azdır. Çünki Ermənistanda vəziyyət daha bərbaddır. İnsanlar səfalətdən əziyyət çəkirlər. Hakimiyyət miqrasiyanın qarşısını ala bilmir. Sadəcə cənub qonşumuz İran və şimal qonşumuz Rusiya köçə əngəl törədir. Əgər onlar mane olmsalar, seçim xalqın özünə verilsə, Ermənistanda bir nəfər də insan qalmayacaq”.

Kənan