Xivə, Bursa və növbə Şuşanındır


Ən gözəl şəhərimiz 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq
Sabir Rüstəmxanlı: "Mən inanıram ki, bu təklif birmənalı şəkildə türk dünyası ölkələri tərəfindən dəstəklənəcək"
Almaz Ülvi Binnətova: "Bu, türk dünyasının sarsılmaz birliyini, qardaşlığını göstərir"

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib. Bu barədə Mədəniyyət naziri Anar Kərimov “Twitter”də paylaşım edib. Özbəkistanın Xivə şəhərində keçirilən Türksoyun 38-ci nazirlər iclasında iştirak edən A.Kərimov ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılmasından,Vətən müharibəsindən danışıb. O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdiklərini bildirib. 
Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında bu il may ayının 7-də sərəncam imzaladı. Şuşanın təkcə mədəniyyətimizin deyil, mənəviyyatımızın paytaxtı – baş tacı, istinad nöqtəsi olması zatən bəllidir. Lakin dövlət səviyyəsində imzalanan sərəncam artıq rəsmi sənəddir və dünya durduqca bu tarixi gerçəkliyi özündə əsk etdirir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyinin irəli sürülməsi isə Şuşanı artıq bütün dünyada mədəniyyət beşiyi kimi tanıdacaq; türk dünyası bütün dünya demək deyilmi ki?!. 
Bu xoş xəbərlə bağlı fikrini soruşduğumuz Xalq şairi, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Sabir Rüstəmxanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, Şuşa ilk növbədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən mədəniyyətimizin paytaxtı elan edilib:

- Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfəri zamanı bu fikri səsləndirdi. Şuşa türk dünyasına – bütün dünyaya dahi şəxsiyyətlər bəxş edib.  Üzeyir bəy, Bülbül, Niyazi, Əhməd bəy Ağaoğlu... saymaqla bitməz bu adlar. Bir müddət əvvəl bilirsiniz ki, Şuşada Vaqif Poeziya Günləri keçirildi, Vaqifin erməni vandalları tərəfindən dağıdılmış, lakin dövlətimiz tərəfindən yenidən bərpa edilən məqbərəsinin açılışı oldu. Vaqif poeziyasının türkmən, özbək ədəbiyyatına böyük təsiri olub, bu təsir türk poeziyasında daim duyulub. Baxmayaraq ki, Şuşa ermənilər tərəfindən vandallığa məruz qaldı, şəhər sürətlə bərpa edilir. Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təkcə şəhərin o tarixə qədər bərpası ilə məhdudlaşmır. Bu həm də mənəvi dəstəkdir. Türk dünyasının Azərbaycana Qarabağ məsələsində, torpaqlarını işğalçıdan azad etməsində, haqlı davasında göstərilən böyük mənəvi dəstəkdir. Türk dünyasında mədəniyyət paytaxtı elan edilməyə haqqı çatan şəhərlər çoxdur. Səmərqənd, Xivə... Türkiyənin özündə böyük mədəniyyət mərkəzləri var. Amma Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi – mən inanıram ki, bu təklif birmənalı şəkildə türk dünyası ölkələri tərəfindən dəstəklənəcək – bunun arxasında Şuşanın timsalında Azərbaycana dəstək və həqiqətlərin üzə çıxarılması dayanır. Yaxın zamanda Türk dövlətlərinin də toplantısı olacaq, yəqin bu təklif orda da səslənəcək.  

Onu da qeyd edək ki, Özbəkistanın qədim şəhərlərindən biri Xivənin 2021-ci ildə “Türk Dünyasının mədəniyyət paytaxtı” olması münasibətiylə bu günlərdə təntənəli mərasim keçirilib. Mərasimə qatılan AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Şərq”ə açıqlamasında Xivədəki mədəniyyət günlərinin çox möhtəşəm keçirildiyini bildirdi: 

- Qədim Xivənin İçənqala Memorial Kompleksində şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə açılış mərasimi oldu. Mərasimdə Özbəkistan Baş nazirinin müavini, Turizm və idman naziri Əziz Abduhakimov, bu ölkənin Mədəniyyət naziri Azadbek Nazarbakov, TÜRKSOY-un üzvü olan digər ölkələrin mədəniyyət nazirləri, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, UNESCO Baş katibinin müavini Gabriella Ramos, Türk Akademiyasının prezidenti Darxan Kadırali, Özbəkistanın ədəbiyyat, mədəniyyət xadimləri və digər şəxslər iştirak edirdilər. Əziz Abduhakimov Xivənin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə TÜRKSOY-a minnətdarlıq etdi, bundan sonra TÜRKSOY çərçivəsində əlaqələrin inkişafı istiqamətində daha böyük layihələrin həyata keçirilməsinə əmin olduğunu bildirdi. Bu tədbirdə təkcə türk dünyasının deyil, dünyanın 60-dan çox ölkəsindən gələn 300-dən artıq nümayəndə iştirak edirdi. Bilal Çakıcı isə bildirdi ki, TÜRKSOY-un elan etdiyi “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ancaq türk dünyasında deyil, bütün dünyada böyük maraq oyadıb. Bu layihəyə hər il maraq artmaqda davam edir. Türk dünyasının qədim şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi üçün bir-biriləri ilə rəqabət edirlər. Hər il türk dünyasının bir qədim şəhərinin mədəniyyət paytaxtı elan olunması xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, mədəniyyət və sənət adamlarının daha da yaxından əməkdaşlıq etməsinə zəmin yaradır.

A.Binnətova vurğuladı ki, Azərbaycan mədəniyyət naziri tərəfindən Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı olması təklifi prosesin məntiqi davamıdır:

- 2021-ci ildə Xivə, 2022-ci ildə Bursa, 2023-cü ildə Şuşa! Bu, türk dünyasının sarsılmaz birliyini, qardaşlığını göstərir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı adını haqq etdiyi kimi türk dünyasının mədəniyyət beşiyi kimi anılmasını da haqq edir. Şuşadakı mərasim də, inanıram ki, çox möhtəşəm olacaq. 

Məlahət Rzayeva