"Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən iddialar dezinformasiya xarakterlidir"

“Ermənistanın “Qrapark” qəzetinin sülh müqaviləsi ətrafında Moskvada danışıqlar aparılması ilə bağlı tirajladığı məlumat ictimai rəyin öyrənilməsinə xidmət edir”.

“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Ekspert bildirib ki, sözügedən məlumatda Ermənistan tərəfinin “artıq başa çatmış danışıqların nəticəsindən çox razı qaldığı” bildirilir: 

“Nəşrin yaydığı məqalədə qeyd olunub ki, “SSRİ-nin inzibati xəritələri əsasında, “Arsax”ın statusuna toxunulmadan delimitasiya və demarkasiya prosesinin başlanaılmasına dair razılıq əldə olunub. Rusiya sülhmərmlılarının Azərbaycan ərazilərindəki mövcudluğunu təmin edən 5 illik müddətlə bağlı məhdudiyyət aradan qaldırılıb və sülhməramlı missiyanın “mandatı” qeyri-müəyyən vaxta kimi uzadılıb”. Göründüyü kimi “ermənilərin razı qaldığı nəticələrə” görə, “status” cəhənnəmin dibindəcə qalır, sərhədlərin delimitasiya və demarkasiya prosesi isə SSRİ-nin xəritələrindəki inzibati ərazi bölgüsünə əsasən aparılır. “Xəbər”in bu hissəsi çox güman ki, Ermənistanın ictimai rəyinin öyrənilməsinə və obyektivlik görüntüsünün yaradılmasına hesablanıb. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qeyri-müəyyən vaxta qədər qalacaqları barədə razılığın əldə olunması ilə bağlı iddia isə, istisnasız olaraq, Azərbaycanın ictimai rəyinə ötürülmək üçün düşünülüb. Məqsəd ictimai rəydə çat yaratmaqdan ibarətdir. Məlum “xəbər”də Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən iddialar da dezinformasiya xarakterlidir. Çünki “xəbər”də öncə azərbaycanlıların fərdi qaydada bu yoldan istifadə üçün müəyyən vəsait ödəyəcəkləri qeyd olunduğu halda, daha sonra konkret məbləğdən söz açılır. Bu isə Zəngəzur dəhlizindən istifadə ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli yanaşma olmaqla bərabər, açıq-aşkar nəzərə çarpan məntiqsizliyi də ortaya qoyur”. 

E.Mirzəbəyli vurğulayıb ki, “xəbər” olduğu kimi Azərbaycan mediasında tirajlanır, bundan bir neçə saat sonra isə səthi və tələsik yanaşmalardan ibarət olan şərhlər yayımlanır: 

“Bununla da mediamızın gündəminin Ermənistan tərəfindən ötürülən dezinformasiyalarla zəbt edilməsinə imkan yaradırıq. Son cümlələrim təkcə “sülh danışıqları” barədə iddiaların əks olunduğu məlum “xəbər”lə bağlı deyil. Hər gün Ermənistan mediasının gündəmindən Azərbaycanın gündəminə saysız-hesabsız, əksəriyyəti təbliğat, təxribat xarakterli olan “xəbər”, “şərh” daşıyırıq. Çoxsaylı media təsisatları var ki, Ermənistanın gündəmindən xəbər daşımaq üçün az qala yarışa çıxıblar. Amma bunun əksi baş verməlidir. Ölkəmizin maraqları və informasiya təhlükəsizliyimiz bunu tələb edir”.

İsmayıl Qocayev