Yaxşı ki, Klaar Ağdama gəldi

Aİ nümayəndəsinin erməni vəhşiliklərini öz gözləri ilə görməsi və dolğun məlumat alması çox vacibdir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar işğaldan azad olunmuş ərazilərə səfər edib. Qonaq Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub. Ağdam şəhərinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə-yeksan etdiyini bildirib. 

Məlum olduğu kimi Klaar bundan öncə Ermənistanda səfərdə olub və rəsmilərlə görüşüb. Məsələ ondadır ki, Aİ-nin Azərbaycana qərəzli münasibəti, dəfələrlə ədalətsiz mövqe sərgiləməsi və sonuncu səfərin Bakıdan öncə İrəvana edilməsi ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Avropa İttifaqının müvafiq nümayəndəlikləri ermənilərin işğalçılıq və vandalizm siyasətindən xəbərdar olsalar da, bu həqiqətləri dilə gətirməkdən yan qaçıblar. O baxımdan sözügedən qurumun obyektiv yanaşma ortaya qoyacağı az ehtimal edilir.

Aİ rəsmisinin Qarabağa səfəri ilə bağlı “Şərq”ə danışan İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, uzun müddət Avropa İttifaqının nümayəndəsi T.Klaarın regiona səfərləri, nümayəndələrlə görüşləri ilə bağlı mütəmadi qərəzli addımlar atılıb. Birlik rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi ciddi mövqeyini ən ali səviyyədə nümayiş etdirərək həmin məqamlara öz etirazını bildirib: 

“Bəzi beynəlxalq təşkilatların ötən dövrdə işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymaması onların missiyasına kölgə salırdı. Hələlik bu münasibətin dəyişməsinin şahidi olmuruq. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar işğaldan azad olunmuş ərazilərə səfəri zamanı öz gözü ilə ermənilərin törətdiyi vandallıq əməllərinin şahidi olsa da, bu qurumlar öz hesabatlarında bu kimi faktları qeyd etmirlər. Bütün bunlara baxmayaraq, nüfuzlu qurum rəsmilərinin Azərbaycana səfərini və ələlxüsus işğaldan azad edilmiş Ağdama və digər ərazilərə getmələri önəmlidir. Orada erməni vəhşiliklərini öz gözləri ilə görmələri və əlavə məlumatlar almaları çox vacibdir”. 

C.Hüseynzadə bəyan edib ki, xarici nümayəndələrin Qarabağa səfərlərinin təşkil olunması nəticəsində qərəzli olmayan əcnəbilərdə kifayət qədər dolğun məlumatlar formalaşdıra bilirik: 

“Həmçinin, həmin şəxslər öz ölkələrində və təmsil etdiyi qurumlarda erməni vandalizmi haqqında dolğun informasiya verirlər. Bütün hallarda beynəlxalq təşkilatların erməni vandalizmini yerindəcə müşahidəsi zəruridir. Əgər təşkilatlar obyektiv mövqe sərgiləməkdən imtina edərlərsə, səfərlərin monitorinqini apararaq, gələcəkdə həmin qurumların qərəzli mövqeyini ifşa edərik”. 

İsmayıl Qocayev