Qara bağda can verib Qarabağı dirçəldənlər...

Əvvəllər elə bilirdim ki, dünyadakı ən böyük sevgi ananın övladına olan sevgisidir. Amma mən hər şeyi gözə alıb balasını qürurla, sevgi ilə cəbhəyə yola salan, yeri gəlsə, özləri də getməyə, ölməyə, öldürməyə hazır olan Azərbaycan analarını görəndə anladım ki, bu dünyada Vətən sevgisindən ən ali, ən müqəddəs heç nə yoxdur. 

Vətən mənə oğul desə,nə dərdim?
Mamır olub qayasında bitərdim.

Uşaqlığımdan, özümü dərk edəndən bəri qəlbimə, düşüncələrimə hakim kəsilən misralar...Məncə, vətən öz oğlanlarını artıq yaxşı tanıdı, onları öz qucağına aldı. Məhz onları seçdi, onları göylərə, ən uca zirvələrə qaldırdı. Hər kəsin qəlbində onlara yer ayırdı, sonsuz məqama, əbədiyyətə göndərdi. 

Vətən təkcə yurd deyil, müəyyən sərhədləri olan coğrafi məkan deyil. Vətən qanla yoğrulmuş torpaqdır. Vətən bizə tarixdən əmanətdir. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Onun dünəninə, bu gününə, sabahına hamımız məsuliyyətliyik. O, müqəddəsdir. O, köhnəlmir, dəyişmir, əbədi və əzəlidir. Vətən – bütöv Azərbaycandır! Bizim tariximiz zəngindir, şərəflidir, qürurvericidir. 

Hər şey bir gün mütləq aid olduğuna qovuşur. Azərbaycanın əzəli torpağı olan Qarabağı bizdən ayırdıqlarını düşündülər, yanıldılar. Hər birimiz bir gün o böyük günün, o tarixi anların yetişəcəyini bilirdik, buna bütün qəlbimizlə inanırdıq. 

Bəli, 27 sentyabr günü... Bu gün, o gün idi. Nəhayət ki, zaman gəlmişdi, haqq-ədalət bərpa olunmalı idi. Həsrətin bitməsi üçün elə ilk addım bu tarixdə atıldı. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlandı. 44 gün çəkdi zəfər yolumuz... 

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə hayqıraraq çıxdıq bu yola. Bir yumruq olduq – dəmir bir yumruq. Elə bir birlik olduq ki, heç bir qüvvə onu parçalaya bilmədi. Çox cəhd etdilər, çox çalışdılar bu birliyə zərbə vurmaq üçün. Amma heç bir təxribat, heç bir vəhşilik bizim əzmimizi, iradəmizi sarsıda bilmədi. Ömrümüzdə yaşaya biləcəyimiz ən qürurlu, ən şərəfli 44 günü yaşadıq. Ən sevincli, bir o qədər də ağrılı-acılı.

Savaşın ilk günündən yüzlərlə vətənpərvər oğullar könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər etdi. Həmin günlərdə sosial şəbəkələrdə o gənclərin cəbhəyə yola düşmə anları ilə bağlı çoxlu sayda videolar paylaşılırdı. 

O paylaşılan videoların birində rastlaşdığım bir görüntü var idi, avtobusun içində olan könüllü igidlərdən biri pəncərədən boylanaraq anasına “ağlayıb eləmirsən ha, ağlasan məndən incimə” tapşırığını verirdi. O gündən bu günə sözümün tam səmimi formasında hələ bircə səhər, bircə gün belə olmayıb ki, mən o şəhidi xatırlamayım, o səs qulaqlarımda səslənməsin. 

Sonralar barəsində xeyli məlumatlar tapıb yaxından tanımış oldum igid qəhrəmanımızı, video süjetləri izlədim, ailəsinin söhbətlərinə qulaq asdım. Sözügedən şəhid Vüsal Allahverdiyev idi. 

Onu məncə, çoxları elə anasına verdiyi o tapşırığı ilə tanıdı. Qubadlıda doğulmuş, 5 yaşına kimi orada böyümüşdü. Vətən sevdalı, Türk sevdalı, bayraq sevdalı cəsur qəhrəman idi Vüsal. Hərb sahəsi ilə yaxından uzaqdan əlaqəsi yox idi, özünəməxsus işi, əhatəsi, dünyası var idi.Zəhməti ilə karyerasında uğurlu addımlar atmışdı, ailənin tək oğlu idi.

Mən sonralar başa düşdüm ki, o, bu dünyanın insanı olmadığını gözəl bilirdi. Sanki doğma torpağı düşmən əlinə keçəndən sonra artıq bu həyatdakı mövqeyini, yolunu çoxdan cızmışdı özünə Vüsal. Sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq vətən niskilli, intiqam hissli paylaşımları, şəhidlik zirvəsinin aliliyi ilə bağlı fikir və düşüncələri və sair ilə həmişə hansı yolun yolçusu olduğunu biruzə verdirirdi, zənnimcə. Nəhayət onun üçün  həsrətlə gözlədiyi məqam yetişmişdi. General Polad Həşimovun şəhid olma xəbərini alandan sonra ürəyindəki vətən sevgisi və düşmənə nifrəti daha da güclənmişdi. Tovuz döyüşləri zamanı 1 dəfə, bu müharibə başlayan gündən bəri isə usanmadan 2 dəfə ardıcıl müraciət etmiş, nəhayətində cəbhəyə yola düşən o könüllülər sırasında olmuşdu. 

Vətəni sevmək imandandır deyilir. Amma bəzən sevmək az olur, onu qorumaq, lazım gəldikdə isə uğrunda canından keçmək gərəkir. Vüsal Allahverdiyev də təkcə vətəni sevməklə qalmadı, onun dar günündə canını fəda etməyi seçdi. Hər zaman vətən sevgisini bütün sevgilərdən üstün tutan qəhrəmanımız ailənin tək oğlu olmasına baxmayaraq, işindən, gələcəyindən, onu gözləyən bundan sonrakı həyatından imtina edərək, vətənin müdafiəsinə qalxır...

İçi könüllü vətənpərvər gənclərlə dolu olan avtobus tərpənməyə hazırlaşır. Hər birinin gözlərində yenilməzlik, məğrurluq atəşi var. Onları məğlub etmək artıq indidən mümkünsüz kimi görünür. Baxıb düşünürəm, onlar insandır, yoxsa insan cildində mələk? Çünki onlar xalqı, vətəni qorumaq üçün canlarını fəda etmiş, ölümü gözləri önünə almışdılar. Onlar bu xalqın xilaskarı idilər. Avtobus alqışlar altında yerindən tərpənir, irəliləməyə başlayır, pəncərənin yanında əyləşən Vüsalın o ankı sevinci gözlərim önündən getmir. 

Sanki ən doğma insanının ən xoş günündə iştirak etməyə gedirdi. Öz özümə hələ də suallar verirəm. Bir qəlbdə bu qədər sevgi, bağlılıq hardan gəlmişdi? İçində zərrə qədər qorxusu olmayan bu ürəklə necə doğulmuşdu?

 Hiss olunurdu, fikrinin bir tərəfində anası da ilişib qalmışdı,  elə hey dönüb anasına tərəf boylanırdı. Əlləri ilə daha ağlamamasına, sakitləşməsinə işarə edirdi. Oğlunun ürəyini tanıyan ana isə yaxşı bilirdi, bilirdi ki bu gedişin dönüşü yoxdur... Vüsal da bunu başa düşürdü, amma irəliyə getməli idi, Vətən onu çağırırdı. Beləcə avtobus getdikcə irəliləyir və daha da görünməz olurdu...

Könüllülər üçün təlimlərdə qala bilməyəm qəhrəmanımız xüsusi təyinatlılara qoşularaq döyüşlərə qatılır, bir sıra ərazilərin işğaldan azad olunmasında yaxından iştirak edir. Xüsusi qəhrəmanlıq və şücaət göstərir. Döyüş yoldaşları deyir ki, o artilleriya atəşi nəticəsində deyil, məhz düşmənlə üz-üzə gələrək şəhid olmağı arzu edirdi. Elə belə də olur, Vüsal düşmənlə üz-üzə döyüşdə 4 güllə yarası alaraq cəbhəyə yollanmasından 1 ay sonra, oktyabrın 30-da şəhadətə ucalır...

Bununla da, Vüsal Allahverdiyev kimi minlərlə qəhrəman şəhidlər, qazilər, döyüşçülər, onların sayəsində Azərbaycanın ən şərəfli tarixi yazıldı. 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanları oldu.

Heç şübhəsiz, onlar bizim vuran əlimiz, döyüşən ruhumuz, bu qələbənin ən əsas memarlarıdırlar. Onların şücaəti, dönməzliyi, müzəffərliyidir bizə bu qələbəni yaşadan. Çiynində yaralı əsgəridaşıya-daşıya, isti-soyuq demədən sadəcə irəliyə addımlayan, irəliyə köklənən, öz qanını Vətən torpağı - Qarabağ uğrunda , Vətən torpağında - Qarabağda axıdan bu igidlərdir, sözsüz, bizə bu qürur dolu anları yaşadan. Məhz onlar idilər bir əlində silah, bir əlində bayraq öz sinəsini düşmənə sipər edənlər. Biz isti yuvamızda rahat yataq deyə gecə-gündüz bilməyib, yuxu nədir bilməyib döyüşənlər, yatmayanlar, gələcəkdə körpələrimiz analarını gözüyaşlı qoymasın deyə öz analarını gözü yaşlı qoyanlar. 

Məhz onlar idi Qarabağa can verib dirçəldənlər. Məhz onlar idilər öz nəfəslərini kəsərək Qarabağa nəfəs verənlər.

Təxminən 1 həftə öncə ilk dəfə Şuşa torpaqlarına ayaq basanda, Cıdır düzünə qalxanda, acizliyimdənmi, qürurumdanmı, kədərimdənmi bilmədim, amma içimdən ancaq bu sözləri demək keçdi: - Haqqını halal et, Şəhid. Sənin qan olub qarışdığın torpağın üzərində gəzdiyim üçün! Sənin buxar olub sovrulduğun havanı, sənin nəfəsini ciyərlərimə nəfəs deyib çəkdiyim üçün! Öz qanını, canını Qarabağ edib bizə qaytardığın üçün...Ey Vətən oğulları! Ey Azadlıq şərbətini içənlər, siz ölməmisiniz! Şəhidlər ölmürlər axı! Siz əbədisiniz! Siz öz ölümünüzlə öz adınızı tarixdə, bizim qəlbimizdə əbədiləşdirmisiniz. Ölüm başqalarını məhz ayırarkən, sizi bizimlə birləşdirdi - həm də əbədi. 

Bəzi yaraların heç vaxt sağalmayacağını, ömür boyu sızıldayacağını bilirəm. Bəzi boşluqların yeri də heç vaxt dolmayacaq. Amma bu xalq ağrısından, acısından belə qürur duyur. Gözlərindən yaş axanda da başı dik dayanır.

 Biz anamızın, atamızın övladıyıq, amma onlarla birlikdə hər şeydən öncə Azərbaycanın övladıyıq.
27 sentyabr tarixi bizim ömrümüzə qızıl hərflərlə həkk olundu. Azərbaycanın müzəffər ordusunun erməni ordusuna qarşı həyata keçirdikləri əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad olundu. Hər gün onlarla kəndin, şəhərin azad olunma xəbərini aldıq onların sayəsində. Biz qalib dövlət olduq. 
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bu gün mən ilk öncə bu xalqın nümayəndəsi kimi, bu dövlətin vətəndandaşı kimi və 1992-1993-cü illərdə Zəngilan uğrunda döyüşlərdə sağlamlığını itirmiş, Birinci Qarabağ müharibəsi qazisi Kamal Bayramovun qızı kimi artıq alnım açıq, başım dik, daha qürurluyam!!! 
Yaşa, var ol, doğma Azərbaycan! Sən xoşbəxt olmağa layiqsən!!!
Nərmin Gülməmmədova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi notariusu