Qarabağ kriminal mərkəzinə dönmüşdü



Britaniyalı araşdırmaçı Koçaryan-Sarkisyan qruplaşmasının iç üzünü açıb


Britaniyalı araşdırmaçı Harold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb. Kitabda Koçaryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alıb. Harold Keyn yazıb ki, fahişəlik, qadın və uşaq alverinin əsas məkanı işğal altındakı Qarabağ bölgəsidir. Cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən uzaqda qalan Qarabağdan idarə etmək asandır. Erməni mafiyasının qadın ticarətinin miqyası İspaniya, Böyük Britaniya, Skandinaviya ölkələri və Amerika Birləşmiş Ştatlarına gedib çatır. Lakin bu “imperiya”nın başlanğıcı Qarabağdadır. Müəllif yazıb ki, oğurlanaraq cinsi istismara məruz qalan gənc qızların heç 16 yaşları da olmayıb. Keyn 18 aylıq araşdırması zamanı fəsadları Qafqaz regionunun hüdudlarını aşan cinayətlərin üstünü də açıb.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, Harold Keyn turist qismində Ermənistanda və Qarabağda insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşıb: “Müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün təhlükəsizlik məqsədilə adını dəyişdirməli olub. Kitabında İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini qeyd edən britaniyalı müəllif, hətta Xankəndidə döyüldüyünü də bildirib: -  “Dağlıq Qarabağın kriminal mərkəz olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri - Robert Koçaryan və Serj Sarkisyanla bağlıdır. Onlar insanların faciəsi üzərində milyardlarla dollar dəyərində var-dövlət toplayıblar”. Müəllif öz kitabında qeyd edib ki, 1990-1993-cü illər ərzində ABŞ-dakı 19 QHT tərəfindən müxtəlif qrantlarla keçmiş SSR respublikaları üçün 10 milyard dollar həcmində maliyə yardımı edilib. Maraqlısı odur kı, siyahıda keçmiş Sovet respublikaları içərisində, Ermənistan, ya ilk, ya da Rusiyadan sonra ikinci yeri tutur. Baxmayaraq ki, Ermənistan öz ərazisinə və əhalisinin sayına görə keçmiş SSR dövlətləri içərisində ən kiçiyidir”. 
Keyn Sarkisyan hakimiyyəti illərində Rusiya, İran arasında silah ticarətindən də bəhs edib: “Məhz ermənilərin İrana gizli şəkildə silahlar ötürməsi nəticəsində həmin silahlar İraqda və s. regionlarda görünməkdədir. “WikiLeaks”ın məlumatına görə, 2003-cü ildə Ermənistan İranın raket və pulemyotlar almasına yaxından kömək edib. 2007-ci ildə İraqda şiə qruplaşmalarının ABŞ ordusuna hücumu zamanı bu silahlar aşkarlanıb. Britaniyalı araşdırmaçı uzun illər silah alverində adı hallanan Jirayır Sefilyandan da söz açıb. Sefilyan “Sasna Tser” radikal “müxalif qruplaşmasının” lideridir. Maraqlıdır ki, Paşinyan hakimiyyətə gələr-gəlməz onu həbsdən azad etmişdi. Eyni zamanda qondarma “respublika”nın “təmsilçisi” Samvel Babayanın da adı silah biznesində çəkilir. Öz mövqeyindən istifadə edən Babayan Gürcüstan vasitəsi ilə İrana və ondan xaricə silah qaçaqmalçılığında rol oynayan əsas fiqurlardan biri idi”. 

Z.Məmmədov bəyan edib ki, Ermənistanın siyasi, iqtisadi, hərbi elitası bütün növ cinayətlər üzrə peşakardırlar:

 “Ermənistanın bir dövlət kimi bəşəriyyət üçün təhlükə olmasına bariz nümunə olan britaniyalı araşdırmaçının kitabı yeganə mənbə deyil. Erməni mütəşəkkil cinayətkar qrupların İspaniya, Almaniya və Fransada yaratdıqları qeyri-qanuni kriminal imperiyalar haqqında artıq Avropanın bir çox kütləvi informasiya vasitələrində məlumatlar getməkdədir. Biz bu məlumatları yaymalı, ermənilərin əslində dünya təhlükəsizliyinə zərbə vuran ən böyük aktorlardan biri olmalarını qeyd etməliyik. Son zamanlar dünyanın bir çox ölkələrində ermənilərin imiclərinə ağır zərbələr vurulmaqdadır. Baxmayaraq ki, bütün bu illər ərzində erməni lobbisi tərəfindən oturuşmuş, koordinasiyalı siyasət aparılmaqdadır”.