Xankəndiyə yön alan yüzlərlə TIR Bakının səbrini daşırdı

Azərbaycanın Tehranın ikiüzlülüyünə qarşı real addımlar atması təbiidir

2-ci Qarabağ Vətən müharibəsi dövründə İran adlanan ölkənin Azərbaycan Respubllikasına qarşı ikiüzlü əməllərinin dəfələrlə şahid olduq. Müharibəyə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorist deməyib, savaş dövründə Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgədə təfkirçi terrorçu qruplaşma axtaran ölkənin İran olması təsadüfi deyildi. Çox təəssüflər olsun ki, İran 1-ci Qarabağ Vətən müharibəsində olduğu kimi, 2-ci Qarabağ Vətən müharibəsində də açıq olmasa da, dolayısıyla Ermənistana hərbi yardımlar etdi. Bütün bunlar o anlama gəlir ki, Azərbaycan ordusunun 2-ci Qarabağ Vətən müharibəsində əldə etdiyi uğurlar yalnız işğalçı Ermənistana deyil, onu pərdəarxasında dəstəkləyən İran islam rejiminə də ciddi zərbə olub. 

Ona görə də, 44 günlük müharibə dövründə və sonrasında rəsmi Tehranın yüksək çinli rəhbərlərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, guya, əvvəlcə hansısa terrorçu təfkirçi qrupların, son günlərdə isə İsrailə aid hərbi qüvvənin olduğunu iddia etmələri təsadüfi deyildi. Halbuki, İran islam rejimi yaxşı bilir ki, bu bölgədə bir terror qruplaşması və terrorist ölkə varsa, o da Ermənistandır! Həmin terrorçu Ermənistanı dəstəkləyənlərdən biri də, bu və ya digər formada elə İran islam rejiminin özüdür.

Bütöv Azərbaycan Ocaqlarının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Şərq”ə deyib ki, əgər İran adlanan ölkə Azərbaycan adlı odla oynamağa davam edəcəksə, oynadığı od onun özünü yandıracaq. Alimin sözlərinə görə, Təbrizin, bütövlükdə Güney Azərbaycan türklərinin ayaqlanması ilə molla rejiminin ömrü sona çatacaq: 

“Hər halda 44 günlük müharibəyə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorist deyə bilməyən, həmin sərhəd boyunca hərbi təlim keçməyən rəsmi Tehranın, Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgədə əvvəlcə terrorçu qruplaşmalar, daha sonra da üçüncü ölkəyə aid hərbi qüvvə axtarması və hərbi təlimlər keçməsi heç bir məntiqə və qonşuluq münasibətlərinə sığışmır. Görünür ki, 2-ci Qarabağ Vətən müharibəsindən sonra xalq arasında Bütöv Azərbaycan ideyasının daha da populyarlaşması, üstəlik, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli Baki sazişinin imzalanması İran islam rejimini Ermənistandan daha çox narahat etməkdədir. Əlbəttə, bu günə qədər və indinin özündə də rəsmi Bakı hər zaman İran adlanan ölkənin rəhbərliyi ilə münasibətdə həssas olmağa çalışıb. Ancaq molla rejimi həddini aşdığı üçün Türkiyə və Pakistanla hərbi birliyi gücləndirən Azərbaycanın rəsmi Tehranla münasibətlərinə yenidən baxması təbiidir.

Özəlliklə, 2-ci Qarabağ müharibəsindən sonra İranın Azərbaycandakı tör-töküntüləri ilə bağlı müəyyən tədbirlər görməyə başlayan rəsmi Bakının bütün bunlarla yanaşı, Güney Azərbaycandakı soydaşlarımızın milli haqları uğrunda apardığı mübarizəyə də artıq biganə qalmamalıdır. Hər halda 30 il bundan əvvəl İran islam rejiminin Azərbaycana humanitar yardım etmək, azərbaycanlılara islam dininin şəri qanunlarını öyrətmək bəhanəsi ilə özünə dayaq mərkəzləri yaratması, bəzi insanlarımızın şüurlarını irançılıqla, iran şiəçiliyi ilə zəhərləməsi hər kəsə bəllidir. Bizcə, artıq Azərbaycan Respublikasının təbii haqqıdır ki, İranın ölkəmizdəki şər yuvalarını bağlamaqla yanaşı, eyni zamanda bütün dünya azərbaycanlılarına, o cümlədən Güney Azərbaycan türklərinə açıq şəkildə arxa, dayaq olsun. Unutmayaq ki, 1-ci Qarabağ müharibəsində olduğu kimi, 2-ci Qarabağ müharibəsində də Güney Azərbaycan türkləri Azərbaycan xalqının yanında olmasını dəfələrlə ifadə etdilər. Müharibə bitdikdən sonra da İran islam rejimi tərəfindən Azərbaycana münasibətdə xoşa gəlməyən addımlar və hərəkətlər davam etdirib və etdirməyə də davam edir. Bəzi hallarda özlərini dünənə qədər Azərbaycana münasibətdə xeyirxah kimi göstərmək istəyən İran islam rejiminin əslində əsas hədəfi Azərbaycan qələbəsinə kölgə salmaq, bunun müqabilində də Ermənistanı və separatçı rejimin tör-töküntülərini yenidən gücləndirməkdir. 44 günlük müharibədən sonra ötən bir il ərzində rəsmi Tehranın durmadan Ermənistana və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndinə yüzlərlə tır vasitəsilə hər cür yardımlar etməsi rəsmi Bakının səbrini daşırıb. Bu baxımdan rəsmi Bakının alternativ tədbirlər görərək İranın ikiüzlülüyünə qarşı real addımlar atması təbiidir. Heç bir dövlətin, o cümlədən də İranın Azərbaycanın icazəsi olmadan onun dövlət sərhədlərini pozması qəbuledilməzdir”.
F.Ələkbərlinin sözlərinə görə, İran rejimi bilməlidir ki, artıq onların əsl mahiyyəti hər kəs üçün bəllidir: “44 günlük müharibədə Azərbaycanın qələbə əldə etməməsi üçün daşıdığı “İran islam” adını zərbə altında qoyan rəsmi Tehranın, savaş dövründə özünü bir islam dövlətindən daha çox, etnik-irqçi bir dövlət kimi aparması da gün kimi aydındır. 

Başqa sözlə, 44 günlük müharibədə və müharibədən sonra hər şeydən əvvəl, İran islam rejimi Azərbaycanla münasibətdə nə İslam dininə, nə şiəlik məzhəbinə, nə də insanlığa uyğun hərəkət edib. 

Üstəlik, İran islam rejimi din-məzhəb baxımdan ondan uzaq olan Ermənistana və qondarma rejimin tör-töküntülərinə bu və ya digər formada dəstək verməyə davam etməsi ilə yanaşı, Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə sərhəd boyunca hərbi təlimlər keçirməsilə son nöqtə də qoyulub. Yeri gəlmişkən, molla rejimi unutmamalıdır ki, bu gün İran adından həmin hərbi təlimlərdə iştirak edən zabitlər və əsgərlər arasında minlərlə azərbaycanlı, Azərbaycan türkü də vardır. Şübhəsiz, ən son məqamda və qırmızı xətt bəlli olanda, onların böyük çoxluğu Azərbaycan Respublikası ordusuna qoşulacaq və Bütöv Azərbaycan ordusu meydana çıxacaq, yaranacaqdır. Bununla da Bütöv Azərbaycan ordusunun tarixi-coğrafi Azərbaycanın tamamına sahib çıxması gerçəkliyə çevriləcəkdir. Molla rejimi unutmamalıdır ki, indi İran adlanan ölkədə ən azından son min ildə hökm sürən Azərbaycan türkləri, azərbaycanlılar olub və çox yaxın zamanlarda hər şeyin əvvəlki kimi olması ehtimalı çoxalmaqdadır. 

Ona görə də bu gün onların Azərbaycana, onun dövlət başçısına qarşı həyasızlıq etmələri, hədyanlar yağdırmaları bumeranq kimi özlərinə qayıdacaq”.