ABŞ və Fransanı Qarabağ prosesinə buraxmamalıyıq

"Çalışmalıyıq ki, həll olunmamış məsələlər Azərbaycan-Türkiyə və Rusiya üçlü formatında çözülsün"


“Qarabağ yeganə beynəlxalq məsələdir ki, orada ABŞ, Fransa ilə Rusiyanın maraqları üst-üstə düşür”. Bunu “Şərq”ə açıqlamasında AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib. Partiya təmsilçisi bildirib ki, Rusiya Cənubi Qafqazda, daha doğrusu, Qarabağla bağlı proseslərdə Amerika və Fransanın iştirakında maraqlıdır: “Çünki bir çox vasitəçi prosesin yenidən dalana dirənməsinə və nəhayət yenidən dondurulmasına gətirib çıxaracaq. Qərb ölkələrinin bölgəyə müdaxiləsinə imkan verilməsi Qarabağ ətrafında cərəyan edən prosesləri manipulyasiya etmək məqsədi daşıyır. 

Moskva görür ki, Azərbaycan və Türkiyə indiki situasiyada ciddi üstünlük əldə edib. Üstünlüyü Azərbaycan-Türkiyə tandeminin əlindən almaq üçün həmsədr ölkələrin prosesə yenidən qoşulmasına “yaşıl işıq” yandırır. Lakin dövlət başçısı dəfələrlə vurğulayıb ki, rəsmi Bakı üçün “status” məsələsi bitib və Qarabağ münaqişəsi həll edilib. Həqiqətən də indiki dönəmdə Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. ABŞ və Fransa bu məsələdə yaxına buraxılmamalıdır. Buna imkan versək, Vaşinqton və Paris sadəcə İrəvanın mövqeyini gücləndirməyə xidmət edəcək. Çalışmalıyıq ki, həll olunmamış məsələlər Azərbaycan-Türkiyə və Rusiya üçlü formatında çözülsün. Özü də buna ən qısa müddətdə nail olmalıyıq. Məsələnin uzanması vasitəçilərin bölgəyə müdaxiləsinə şans verəcək. Azərbaycanın ərazi bütövlüyünü tanıması şərti ilə Ermənistanla yekun sülh müqaviləsi bağlanmalıdır. Yeni status-kvonun yaranmasına qətiyyən imkan vermək olmaz”.