Deputat: "Antiterror əməliyyatları üçün təxirəsalınmaz addımlar atılmalıdır"

“Qarabağda baş verən hadisələr tərəfimizdən İrəvana və Ermənistanın dəstəklədiyi terrorçulara qarşı qəti addımları zərurətə çevirir”. 

“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. 

Deputat bildirib ki, bölgədə sülh və əməkdaşlıq naminə təşəbbüslərin gündəmə gəldiyi bir vaxtda terror aktı sübut edir ki, Ermənistan yekun sülhə məcbur edilməlidir: 

“İlkin olaraq Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı dəstələrin bir an öncə tərkisilah edilməsi və hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zərurətdir. Bu məqsədlə antiterror əməliyyatının keçirilməsi, bölgədə sülh və sabitliyi təhdid edən bu silahlıların tutulması, yaxud, yerindəcə məhv edilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Eyni zamanda, Laçın dəhlizi vasitəsi ilə heç bir Ermənistan vətəndaşı sülh müqaviləsi imzalanana qədər Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmamalıdır. Rusiya sülhməramlıları isə anlamalıdır ki, müvəqqəti olaraq Azərbaycan ərazisində olmalarının məqsədi bu kimi insidentlərin qarşısının alınmasıdır və yaşanan hər bir faciəyə görə onlar da məsuliyyət daşıyır. İstənilən halda, heç kəsin şübhəsi olmamalıdır ki, düşmən və düşmənçilik niyyəti olan hər kəs layiq olduğu cavabı alacaq. Dövlətimizin öz şəhidinin qisasını almaq, o cümlədən, bütün zərərli meyllərin kökünü kəsmək üçün gücü də, imkanları da, artan qlobal nüfuzu da kifayətdir”.