Köç dalğası artır

Son 4 ildə Ermənistanda rekord göstərici qeydə alınıb

Bu ilin ilk 6 ayında 22 min erməni Rusiya vətəndaşlığını alıb

44 günlük müharibədən sonra ekspertlər Ermənistandan mühacirətin kəskin artacağını proqnozlaşdırırdılar. Bu köç 2021-ci ilin fevralında Rusiya Ermənistanla hava sərhədini bir ay müddətinə açan zaman yaranan ajiotajla təsdiqləndi. Adi vaxtlarda 140-180 dollar olan biletlərin qiyməti 300-400 min drama qədər qalxdı. Buna baxmayaraq, fevral ayında “Zvartnots” hava limanı Rusiyaya gedənlərlə dolu idi. 

“Sputnik Ermənistan”ın əməkdaşı Janna Poqosyan yazıb ki, təkcə hava limanında deyil, həm də Şengen ölkələrinə və ABŞ-a getmək üçün sənədlər hazırlayan viza mərkəzlərinin önündə növbələr var: “Hətta bəzi ölkələrin səfirlikləri, məsələn, Yunanıstan Ermənistan vətəndaşları üçün uzunmüddətli viza almaq prosesini asanlaşdırdılar. Əgər koronavirus pandemiyasından əvvəl 15 iş günü ərzində viza verilirdisə, indi Yunanıstan səfirliyi cəmi 2-3 iş günü ərzində viza verə bilər”. Müəllif əlavə edib ki, bu ilin son 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb: 

“İrəvanın “Zvartnots” hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir”. Məlumat üçün deyək ki, 2017-ci ilin ilk 9 ayında Ermənistanı 75 min nəfər, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min nəfər tərk etmişdi. İnqilabdan sonra miqrasiya faizi azalmışdı. 

Amma indi mənzərə başqadır və bunu birmənalı demək mümkün deyil. Səbəb inqilabdan gözləntilərin özünü doğrultmaması, ya da müharibə və ya müharibədən sonrakı xaosla bağlıdır. 

Ermənistanda geniş vüsət almış kütləvi köçlə bağlı “Şərq”ə danışan siyasi şərhçi Anar İmanov düşmən ölkədəki xaosun ilk növbədə idarəçiliklə bağlı olduğunu bildirib. Əhali ölkənin gələcəyini görmədiyi üçün xaricə üz tutur, nəticədə əhalinin sayı sürətlə azalır. 

Ermənistan qurumlarının statistikalarına görə, 2020-ci ildə 5 min 274 nəfər olan təbii artım 2021-ci ildə 3 minə düşüb. “Eurasianet” analitiklərinin fikrincə, Ermənistan iqtisadiyyatının vəziyyəti mühacirətin əsas səbəbi olaraq qalır. Lakin son vaxtlar səbəblər sırasına müharibədən sonrakı çağırışlar da əlavə edilib. Erməni mətbuatının yazdığına görə, əhali əsasən Rusiyaya axışır. Bu ilin ilk 6 ayında 22 min erməni Rusiya vətəndaşlığını alıb. Bu, son 4 ildə rekord göstəricidir. Rusiyanın Miqrasiya Xidmətində qeydiyyatda olan Ermənistan vətəndaşlarının da sayı artıb. İlin ilk altı ayında Rusiyada 300 minə yaxın insan hüquqi status almaq prosesinə başlayıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 200 minə belə çatmırdı. Demoqrafik tendensiyaları öyrənən Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu 2050-ci ilə qədər Ermənistanda əhalinin sayının kəskin azalacağını proqnozlaşdırır”. 

A.İmanov deyib ki, gələcəkdə Ermənistanı çətin günlər gözləyir: 

“Bu gedişlə Ermənistan yer üzündən silinə bilər. Əslində, süni şəkildə yaradılmış “dövlət” üçün bu sonluq məntiqi olardı. Bu sonun başlanğıcının əsasını hakimiyyətə gələn sarkisyanlar və koçaryanlar qoyub. Bundan sonra Ermənistana nə Paşinyan, nə də başqası kömək edə bilər. Qonşularla sülh şəraitində yaşamaq əvəzinə, illərlə qonşularına qarşı məkrli siyasət yeridən Ermənistan öz cəzasını çəkməkdədir”.