Qarabağ ən çox inkişaf etmiş iqtisadi region halına gətirilir

Gələn ildən işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq

Pərviz Heydərov: "Ən inkişaf etmiş ölkələr belə bu qədər kiçik zamanda Azərbaycanın gördüyü işləri başa çatdıra bilməzdi. Bütün bu addımlar bölgəyə xarici investorların marağını cəlb etmək və onların regiona vəsait yatırmasına nail olmaq üçün atılır"


Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Məlum olduğu kimi dövlət başçısı İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Hüseynov Şuşa istisna olmaqla işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Ekspertlərin fikrincə, bu təyinatdan sonra Qarabağın iqtisadi quruculuğu istiqamətində daha operativ və effektli addımlar atılacaq. 

Məqsəd ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Qarabağ bölgəsini iqtisadi baxımdan ən qısa zamanda dirçəltməkdir. Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş ərazilərimizdə, bütövlükdə Qarabağda yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək. 
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib ki, Qarabağda yeni iqtisadi quruculuq təmin edilməlidir: “Yeni, ən qabaqcıl texnologiyaları orada istifadə etməliyik. Qarabağda yeni iqtisadiyyat quruculuğunu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur”. 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov da bildirib ki, innovativ iqtisadi inkişafı təmin etmək üçün geniş imkanları olan sahələrdən biri də Sənaye Parklarının yaradılmasıdır. Onun sözlərinə görə, Ağdam Sənaye Parkına investorların cəlbi üçün 4 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir. S.Ələkbərov bildirib ki, 30 il öz doğma torpaqlarını görmək arzusu ilə yaşayan insanların yurd-yuvalarına qaytarılması üçün ciddi işlər aparılır: 

“Lakin təbiidir ki, bu istiqamətdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, daha yüksək nəticələrə nail olaq. Azad olunmuş ərazilərdəki sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək. Məlum olduğu kimi Prezidentin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində daha bir park - “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması bu sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaq”. Sahib Ələkbərov bildirib ki, bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, sənaye istehsalının dəstəklənməsi əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün də yeni imkanlar yaradacaq: “Bu Parkda artıq “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur. Sahibkarlara böyük güzəştlər, o cümlədən vergi güzəştlərinin verilməsi də gündəmdədir”. Əlavə olaraq qeyd olunub ki, gələn ildən başlayaraq, işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra vergi güzəştləri veriləcək. Nazir müavini bəyan edib ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı kifayət qədər böyük çəkiyə malikdir. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azaddır: “2022-ci il yanvar ayının 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər ƏDV-dən azad ediləcək”. Nazir müavini əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır. 

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi quruculuq işləri ilə bağlı “Şərq”ə danışan iqtisadçı Pərviz Heydərov deyib ki, keçən ilin dekabr ayından etibarən Qarabağda yenidənqurma və bərpa işlərinə başlanılıb. Bu ilin əvvəlindən isə görülən işlər planlı və dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait hesabına həyata keçirilir. Ekspertə görə, konkret strateji xətt üzrə görülən tədbirlər nəticəsində çox qısa müddət ərzində kifayət qədər böyük işlərə imza atılıb: 

“Sürətli yol çəkilişləri, elektrik stansiyalarının quraşdırılıb istifadəyə verilməsi, 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının inşasının başa çatdırılması və s. işləri görmək üçün əslində illər lazım idi. Əmin olun ki, ən inkişaf etmiş ölkələr belə bu qədər kiçik zamanda Azərbaycanın gördüyü işləri başa çatdıra bilməzdi. 

Özü də bir məqamı nəzərə alaq ki, Qarabağda quruculuq işləri, iqtisadi layihələr ən müasir texnologiyaların cəlb olunması yolu ilə həyata keçirilir. Bütün bu addımlar bölgəyə xarici investorların marağını cəlb etmək və onların regiona vəsait yatırmasına nail olmaq üçün atılır.

 Məqsəd Qarabağ bölgəsini ən çox inkişaf etmiş iqtisadi region halına gətirməkdir və bu, çox mühüm hədəfdir. Hesab edirəm ki, 2022-ci ilin sonuna, yaxud 2023-cü ilin ortalarına kimi nəqliyyat-kommunikasiya və digər zəruri layihələrin təxminən 90 faizi yekunlaşmış olacaq.

  Görülən işlərin gedişatı, dövlətin həssaslığı, sərf etdiyi maliyyə vəsaitləri bunu qətiyyətlə söyləməyə əsas verir”.