Qarabağda turizmin inkişafına şərait və imkan genişdir

"Amma prosesin 3-4 ilə yekunlaşacağını və turistlərin qəbul ediləcəyini söyləmək çox optimist yanaşmadır"

Qarabağda turizmin inkişaf etdirilməsi üçün xüsusi layihələr hazırlanır. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, Qarabağ və Zəngəzur destinasiyası ilə bağlı həm strategiya, həm də konsepsiya var. Qurum rəsmisinin sözlərinə görə, strategiya və konsepsiyada əsas yanaşma turizm marşrutı və məhsullarının yaradılmasıdır: “Kəlbəcərdə turizmin inkişafına dair ayrılıqda konsepsiya var, amma Kəlbəcəri digər klastrlarla əlaqələndirən üslublar da mövcuddur. 

Şuşanın öz üslubu var. Məsələn, Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Şuşada festivalların keçirilməsi, Ağdamda “dark” - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Suqovuşanla bağlı planlar hazırdır. Ümumilikdə bölgə üçün planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir”. 

Qarabağın turizm potensialı və hazırlanan layihələrlə bağlı “Şərq”ə danışan iqtisadçı Natiq Cəfərli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Ekspertin sözlərinə görə, söhbət təbiət və qış turizmindən, o cümlədən qədim tarixi abidələrin ziyarətinə hesablanmış turizmdən gedir: 

“Bunların hamısını həyata keçirmək üçün Qarabağda şərait və imkan var. Amma prosesin 3-4 ilə yekunlaşacağını və turistlərin qəbul ediləcəyini söyləmək çox optimist yanaşmadır. Çünki ilkin olaraq infrastrukturun yaradılması ilə paralel təhlükəsizlik tədbirlərinin görülməsi də vacibdir. Minalardan təmizlənmə, sərhədlərin dəqiqləşdirilməsi və başqa problemlər öz həllini tapmalıdır. Nəzərə alaq ki, işğaldan azad edilmiş rayonlarımızın çoxu Ermənistanla sərhəddir. Əvvəlcə təhlükəsizlik tam təmin olunmalıdır ki, sonrakı işlərə başlanılsın. Əslində bütün işləri dövlət büdcəsi hesabına görmək həm mümkünsüz, həm də doğru deyil. Əgər dövlət qurumları turizm sahəsində, tikinti sektorunda və işlətmədə yenə də aparıcı rol oynamağa, önə çıxmağa çalışacaqsa, bunun effekti olmayacaq. Şahdağ Turizm Kompleksinə çox böyük vəsaitlər xərcləndiyi halda kompleks bugünədək ziyanla işləyən obyektlərdən biridir. Təhlükəsizliyin təminatından sonra turizm sahəsində kifayət qədər münbit şərait yaradılmalıdır ki, xarici və daxili özəl investisiyaları cəlb etmək mümkün olsun. 

O zaman Qarabağda turizm gözlənilən effekti verər və daha yaxşı nailiyyətlər əldə edilər”.