Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə olacaq


Amma ilk bölgədəki separatçılar tərksilah olunmalı, mülki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar

“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Sədr Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir. Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”. 

Cavid Qurbanovun dediklərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. Analitikə görə, bu o deməkdir ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və vətəndaşlarımız bu şəhərə rahat gedib-gələcəklər: 

“Cavid Qurbanovun Xankəndiyə dəmiryolunun çəkilməsi ilə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır ki, biz şəhərimizə qayıdacağıq. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir. Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün müəyyən şərtlərə əməl olunması vacibdir. İlk növbədə bölgədəki separatçılar tərksilah olunmalı, mülki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu məsələlər reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının Xankəndiyə gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir”.