Bitmiş savaş...

Qarabağ prosesinin qara bağını Azərbaycan özü açıb

Moskva Fransanı Cənubi Qafqaz bölgəsinə buraxmasa da, Parisi məlumatlandırmağı unutmur

ABŞ və Fransanın bölgəyə girməyindənsə, Türkiyənin regionda olması Kreml üçün daha məqbuldur

Rusiya Prezidenti Vladimir Putin və Fransa rəhbəri Emmanuel Makron arasında telefon danışığı olub. Kremlin məlumatına görə, telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsini davam etdiriblər. Fikir mübadiləsi zamanı Qarabağda vəziyyətin sabitləşməsi, regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub. 

Bildirilib ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədir. Xatırladaq ki, bundan əvvəl Rusiya və Fransa prezidentləri arasında telefon danışığı noyabrın 11-də olub. Makronun təşəbbüsü ilə baş tutan söhbət zamanı Qarabağ məsələsi müzakirə edilib. Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxış edən Vladimir Putin deyib ki, məhz Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb: 

“Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb”. Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib. 

Rusiya və Fransa arasında intensiv təmasları “Şərq”ə dəyərləndirən Türkiyənin “Sütçü İmam” Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl deyib ki, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri olduqları üçün Qarabağ məsələsi ilə bağlı təmas qurmaları təbiidir. Professorun sözlərinə görə, Moskva Qərb ölkəsi olan Fransanın Cənubi Qafqaz bölgəsinə nüfuz etməsinə imkan verməsə də, rəsmi Parisi məlumatlandırmağı unutmur:

 “Rusiya heç vaxt istəməz ki, Fransanın Cənubi Qafqaz regionunda təsir imkanları formalaşsın. Bugünədək imzalanmış üçtərəfli bəyanatların hamısında dolayı yolla göstərilir ki, bölgədəki əsas güc məhz Rusiyadır. Əlbəttə, Moskvanın da əl-qolunu bağlayan bəzi məqamlar var. Bu məqamların ən birincisi, Türkiyə ilə Azərbaycanın birgə hərəkət etməsidir. Moskva çox arzulasa da, qardaş Türkiyənin Azərbaycanın yanında olmasına mane ola bilmədi və reallığı qəbul etmək məcburiyyətində qaldı. Hər halda ABŞ və Fransanın bölgəyə girməyindənsə, Türkiyənin regionda olması Kreml üçün daha məqbuldur. Nə qədər böhranlı vəziyyət olsa da, Türkiyə və Rusiya öz aralarındakı problemi çözmək iqtidarında olan dövlətlərdir. Fransa ilə Rusiya arasındakı görüşlər Minsk qrupunun varlığını göstərməklə yanaşı, müəyyən mənada Türkiyəyə də təzyiq mahiyyəti daşıyır. Amma yenə deyirəm, Moskva Avropa dövlətlərinin Cənubi Qafqaza girməsində qətiyyən maraqlı deyil”.  

Politoloq Turab Rzayev də “Şərq”ə bildirib ki, sülh və əməkdaşlıqla bağlı açıqlamaların istənilən dövlət başçılarının görüşlərində səslənməsi normal haldır. Analitikə görə, Rusiya və Fransa dərin əməkdaşlıq köklərinə sahib ölkələrdir: 

“Xatırladım ki, Fransa Prezidenti Makron Azərbaycan-Ermənistan rəhbərləri ilə görüşdən əvvəl Rusiya prezidenti ilə məsləhətləşmişdi. Avropa ölkələri, əsasən də Almaniya və Fransanın Rusiya ilə xüsusi əlaqələri var. Avroatlantik blok daxilindəki parçalanmadan və Fransa ilə münasibətlər kəskinləşəndən sonra bu əlaqələr daha da güclənib. Makron məhz bu səbəbdən Avropa ordusunun yaranması, sərhədlərin qorunması ilə bağlı açıqlamalar verdi. Bunların hamısı Rusiyanın maraqları ilə uzlaşır. Amma iki ölkənin Qarabağla bağlı müzakirələrinin hansısa nəticə verəcəyini düşünmürəm. Düşünürəm ki, Putinin açıqlaması daha çox bölgədə nəzarətin onların əlində olmasını göstərmək üçün idi. Ona görə də burada rus sülhməramlılarının önəmi xüsusi vurğulanır. Qeyd edim ki, Müdafiə naziri Zakir Həsənov açıqlamasında dedi ki, “Azərbaycan Ordusu öz sərhədlərini qorumağa qadirdir və Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır”. Azərbaycan tərəfi açıq şəkildə mesaj verir ki, Qarabağda sülhü təmin edən, ərazi bütövlüyümüzü qoruyan sülhməramlılar yox, Azərbaycan Silahlı Qüvvələridir. Azərbaycan Ordusu 44 günlük müharibədə sübut etdi ki, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün yeganə qarantıdır. O baxımdan Fransa və Rusiya rəhbərliyinin bəyanatları reallıqda bizim üçün əhəmiyyət kəsb etmir”.

T.Rzayevin qənaətincə, Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarını isə müəyyən qədər sülhə yönəlik addımlar kimi dəyərləndirmək olar:

 “Ancaq bu tipli bəyanatlar da bölgənin gələcəyini təyin edən addımlar sayılmaya bilər. Burada daha çox Azərbaycan-Ermənistan arasında qarşılıqlı anlaşmalar, kompramislər, iqtisadi əməkdaşlığın formalaşması önəmlidir. Artıq Türkiyə ilə Ermənistan arasında müzakirələr başlayıb. Belə proses Azərbaycanla da başlaya bilər”.