Polad Həşimovla Şuşada görüş, evimizi nişan verən polis zabiti, paralel dünyaya keçid...


...Çox keçmir ki, 10 maşından ibarət avtomobil karvanı təbiətin şah əsərlərindən biri olan Cıdır düzündə  cəmləşir. Mən daxili həyəcanımı zahiri soyuqqanlığımın arxasında gizlətməyə çalışaraq Cıdır düzünə - onun sehirli torpağına qədəm qoyuram. Və bu ilk addım uzaq uşaqlıq xatirələrimin dərinliyində gizlənən səhifələri möcüzəvi şəkildə yenidən işıqlandırır.  Cıdır düzü ilə görüşdə yadıma ilk düşən atam və ilk müəllimim Tərlan müəllimə - onlarla bu məkana etdiyim səfərlər olur.

 Kəklikotu qoxulu torpaq, 30 il “yol gələn” doğma səs, qəlbimin üfüqlərində qərarlaşan işıqlı təbəssüm...

Cıdır düzü yaddaşımda hər zaman kəklikotu qoxulu torpaq kimi qalmışdı. Uşaq vaxtı atam və bacılarımla birlikdə Cıdır düzünə tez-tez gələr, buradan Topxana meşəsinə, Daşaltı çayına maraqla baxar, qayaların əzəmətini, ətrafımızdakı yaşıllığın nəhayətsizliyini heyrətlə seyr edərdik. Tez-tez gəlməyimimizə baxmayaraq, hər növbəti səfər bizdə eyni həyəcan və sevinci oyadır, bizi eyni dərəcədə məmnun edirdi. Atam uçurumun kənarına həddindən artıq yaxınlaşdığımız zaman bizə səslənər, yıxıla biləcəyimizdən ehtiyat edərək geri çəkilməyimizi istərdi.

 Cıdır düzünə orta məktəbdən də də tez-tez səfər edərdik. Oxuduğum 1 nömrəli internat məktəbinin ibtidai sinif müəlliməsi-bütün uşaqların sevimlisi Tərlan müəllimənin rəhbərliyi altında bəzi əlamətdar günlərdə Cıdır düzünə gələr, burada süfrə açaraq evdən gətirdiyimiz yeməkləri bir-birimizlə paylaşar, onları dünyanən ən ləziz yeməkləri kimi iştahla yeyərdik. Açıq təbiət qoynuna kollektiv şəkildə edilən bu səfərlər bizi hədsiz sevindirər, belə günlərin yolunu həsrətlə gözləyərdik. Uşaqlar arasında bu günlər üçün özünəməxsus ad da fikirləşmiş, belə günləri “yeyib-içmək günləri” adlandırmışdıq. Bir-birimizə etiraf etməsək də,  hamımız qəlbimizin dərinliyində bilirdik ki, “yeyib-içmək günləri” ilə bağlı bizi sevindirən sadəcə təbiətə edilən birgə səfər, onun özü ilə birgə gətirdiyi sevinc deyildi. Bu sevincin içində həm də başqa bir sevinc - həmin günün dərs yükündən azad olmağın məmnunluğu, rahatlığı da gizlənirdi. Odur ki, Tərlan müəllimə sabah Cıdır düzünə gedəcəyimizi elan edəndə ikimizdə “ikiqat sevinc” baş qaldırır, bu barədə həmin gün dərsə gəlməyən yoldaşlarımıza telefonla böyük müjdə xəbər verirmiş kimi həyəcanla xəbər verərdik. Biz Cıdır düzündə süfrə salaraq evdən gətirdiyiiz yeməkləri yediyimiz zaman Tərlan müəllimə bizi ana nəvazişinin əks olunduğu işıqlı təbəssümlə seyr edir, nadinclik etməyək, xəsarət almayaq deyə bir an belə olsun bizi nəzarətsiz qoymurdu.

 Ona görə də Cıdır düzünə ayaq basanda yadıma düşən ilk şey 30 il içimdə yol gələn atamın doğma səsi və Tərlan müəllmənin işıqlı təbəssümü oldu. Heç zaman ölməyən, hər zaman içimdə öz saflığını və cazibəsini qoruyub saxlayan ata səsi və müəllim təbəssümü...

Cadar-cadar olmuş torpaq, küskün qayalar, bağışlanmaq arzusu...

 Cıdır düzünün müqəddəs torpağında dolaşarkən diqqətimi ilk cəlb edən şey ayağım altındakı torpağın cadar-cadar olması oldu. Hər zaman yamyaşıl ot örtüyünə bürünən, qayaları belə canlı təsir bağışlayan Cıdır düzünün bu görünüşü içimdə qəribə, anlaşılmaz hislər doğurdu. Bu torpağın susuzluqdan əziyət çəkən insan dodaqları kimi param-parça olmasına nə səbəb olmuşdu? Olmaya bu çatlar Şuşaya atılan “İsgəndər-M” raketlərinin, bir-birindən qorxunc mərmilərin topağın bağrında yaratdığı çat idi? Yoxsa bu çat doğma Şuşa insanının yolunu illərlə gözləməkdən, onların həsrətini çəkməkdən yaranmışdı? Bilmirəm. Amma həmin gün Cıdır düzünün sadəcə torpağı deyil, məğrurluğundan heç nə itirməyən qayaları da sanki küskün kimi görünmüşdü mənə. Dar məqamda umduğu yerdən kömək görməyən insan kimi incik idilər sanki...

 ...Və bu yerdə içimdən günahkarlara məxsus bağışlanmaq arzusu baş qaldırdı. Cıdır düzünün hər qarış torpağı, daşı, qayası, otu, gülü, çiçəyi qarşısında diz çökmək, bu torpağın üzərində ilan kimi sürünmək, 28 il gecikdiyimizə, 28 il onu düşmənlər içində tək qoyduğumuza görə üzr istəmək arzusu keçdi içimdən...

Cıdır düzü, onun daşı-torpağı bu arzumu hiss etdimi? Deyə bilmirəm. Amma inanıram ki, bu gün olmasa da, bir gün Cıdır düzü də bizi anlayacaq, gecikdiyimizə görə bağışlayacaq bizi... Bəlkə o zaman Cıdır düzünün cadar-cadar olmuş torpağı da bütövləşəcək, qayaları da bizə sevgi və məhəbbətlə boylanacaq...



Yolunu unutduğum evimizin axtarışında...

 Cıdır düzündən sonra avtomobil karvanı bizi Molla Pənah Vaqifin məqbərəsinə gətirir. Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilən məqbərə öz füsunkar görünüşü ilə göz oxşayır. Məqbərənin səmanın köksünə sancılan hündür divarları sanki böyük şairin söz səltənətinin ucalığından, nəhayətsizliindən xəbər verir. Molla Pənah Vaqifin məqbərəsinin yüzlərlər qızılgüllərlə bəzədilən həyəti də qızıl çəmənliyə bənzəyir. İnsan burada sadəcə qızılgüllərin deyil, həm də böyük Vaqifin ölümsüz şeirlərinin ətrini, rayihəsini hiss edir.

 Daha sonra biz Şuşa şəhərinin mərkəzi meydanına yol düşürük. Burada bizi Yuxarı Gövhər ağa məscidi ilə görüş gözləyir. Lakin mən daha çox tapmalı olduğum ata evimiz haqqında düşünürəm. Evimizin Yuxarı Gövhər ağa məscidinə yaxın olduğunu bilsəm də, doğma evimizə aparan yol uşaq yaddaşımdan silindiyi üçün onu qısa vaxtda tapa bilib-bilməyəcəyim haqqından həyəcan və narahatlıqla düşünürəm. Odur ki, Yuxarı Gövhər ağa məscidi ilə ilk görüşdən dərhal sonra bizi gətirən avtobus sürücüsünə yaxınlaşıb burada nə qədər ləngiyəcəyimizi soruşuram. Sürücü bütün avtomobillərin yanacaq dolduracağını və bu səbəbdən də yalnız yarım saatdan sonra hərəkətə başlayacağımızı bildirir. Bu, o demək idi ki, evimizi tapmaq, onunla görüşmək üçün cəmi yarım saat vaxtım var və hər biri qızıldan qiymətli olan bu dəqiqələri maksimum şəkildə səmərəli qiymətləndirməliyəm. Bu səbəbdən də dərhal yolun o tayında dayanan polis zabitinə yaxınlaşıram. Inanmım böyük olmasa da, düşünürəm ki, bəlkə də məhəlləmizdəki insanları nişan verməklə evimizin yerini öyrənə, bununla bağlı bir ipucu əldə edə bilərəm. Əminəm ki, məhəlləmizə aparan yola düşsəm, o zaman nəinki küçəmizi, evimizin də yerini dəqiq müəyyən edə bilərəm. Məhz bu ümid məni polis zabitinə yaxınlaşdırır və mən elə ilk cümlədən sözün həqiqi mənasında şok oluram.

Sizi də, evinizi də, qonşularınızı da tanıyıram: Dəqiq koordinat və qəti xəbərdarlıq!

 Polis zabiti ilə söhbətdən məlum olur ki, o, nəinki bizim evimizin yerləşdiyi məkanı, həm də mərhum atamı, qonşularımızı, onların hər birinin evini tanıyır, onların adını əzbər bilir. Bu xoş və demək olar ki, möcüzəvi tanışlıq məni hədsiz sevindirir və həyəcanlandırır. Polis zabiti Yuxarı Gövhər ağa məscidindən təxminən 200 metr qabaqdakı binanı nişan verərək deyir:



“O binanın tinindən sağa dön, orta yolu tutub irəlilə. Bu yol düz sizin küçəyə, sizin evə aparır. Amma bilmədiyin, tanımadığın heç bir əşyaya əl vurma”.

Zabitə köməyinə görə təşəkkür edib yola düzəlirəm. Hər ehtimala qarşı əlaqə nömrəsini də  telefonumda qeyd edir, çətinə düşəcəyim təqdirdə narahat edəcəyimi bildirirəm. Zabit köməyə hazır olduğunu bildirərək məni təbəssümlə yol salır.

 Cəmi bir neçə dəqiqədən sonra mənə nişan verilən binanı keçib sağa dönürəm. Qarşıma üç yol ayrıcı çıxır. Orta yolu tutub eniş boyu irəliləyirəm. Dizə qədər ot-ələf basmış torpaq yolla irəlilədikcə zamanın uşaqlıq xatirələrimin üzərinə çökdürdüyü qaranlıq yenidən aydınlaşmağa başlayır. Sanki hansısa gizli keçid vasitəsi ilə paralel dünyaya – 28 il əvvələ, öz uşaqlıq dünyama keçid edirəm. Yadıma məhəlləmizdəki uşaqlarla bu yolla aşağı-yuxarı qaçdığımız, müxtəlif oyunlar oynadığımız vaxtlar düşür. Sanki həmin uşaqların şən sədalarını, qayğısız gülüşlərini, ayaq səslərini eşidirəm.

 

...Yaddaşım dar yolun bir neçə dəqiqədən sonra məni küçəmizin yerləşdiyi genişliyə çıxaracağını söyləyir. Və nəhayət mən həmin genişliyə çıxıram. Amma... Gözlərimə inana bilmirəm. Qarşımda heç bir ev yoxdur. Vaxtiylə bir-birinə bitişik iki-üç mərtəbəli mülklərin yerləşdiyi küçə başdan-başa yabanı bitki və ağaclarla örtülüb. Yalnız ayrı-ayrı yerlərdə ağac və kolların arasında qaralan bəzi divarlar nə vaxtsa burada evlərin olduğundan, qaynar həyatın varlığından xəbər verir.

 Evimizin yerini müəyən etmək üçün öncə küçəmizdəki məscidi tapmağa çalışıram. Evimiz həmin məscidlə üzbəüz yerləşdiyi üçün düşünürəm ki, məscidi tapmaq evimizin dəqiq yerini müəyyən etməkdə mənə kömək edə bilər. Tezliklə həsrət dolu baxışlarım sağ tərəfdəki məscidin erməni vəhşiliyindən nəsibini alan, yalnız quru divarları qalan xarabalığına dikilir. Mənə elə gəlir ki, erməni faşistlərinin qapı-pəncərəsindən tutmuş damına, döşəməsinə qədər söküb taladığı, viran qoyduğu məscid yaşadığı dəhşətləri, gördüyü vəhşilikləri quru divarları qalmış ürəkdağlayan görünüşü ilə car çəkməyə, bütün insanlığın diqqətinə çatdırmağa çalışır. Sanki quru divarları qalmış məscidin hər bir daşı hayrıraraq insan cildli iblislərin hücumuna məruz qaldığını, onların nifrət və kininə hədəf olduğunu  söyləyir, öz yaralı, param-parça vücudundan geridə qalan hissələri ilə hələ də sağ qaldığını, təslim olmadığını anlatmağa cəhd edir. Və eynən əzaları qoparılan insan kimi başsız- ayaqsız, qolsuz-qanaqdsız buraxılan, şeytani bir şəkildə təhqir edilən məsciddə baxdıqca anlayırsan ki, erməni xisləti ilə insan anlayışı arasında qismən də olsa ümumi nə isə tapmaq mümkün deyil. Eyni zamanda, əmin olursan ki, ermənilərlə müqayisədə antik dövrün insanları – mağara adamları belə kifayət qədər mədəni və humanist olublar. Ən azından ermənilərdən fərqli olaraq, onlar üçün müqəddəs, toxunulmaz nələrsə olub və onlar bu “nələrsə”yə ehtiram göstərməklə yeni dəyərlər, anlayışlar əldə ediblər.  

 ...Bir neçə dəqiqədən sonra məscidə dikilən ağrılı nəzərlərimi evimizi tapmaq ümidi ilə əks tərəfə yönəldirəm. Qarşımda yenə də sıx ağaclıq və kolluqlardan ibarət “yaşıl səhra” dayanır.

Mən nə qədər çalışsam da məhəlləmizin artıq mövcud olmadığı fikri ilə razılaşa bilmirəm və birdən mənə elə gəlir ki, bura bizim küçə deyil. Evimizlə, uşaqlı xatirələrimlə görüşmək istəyi mənə yolu davam etdirərək eniş boyu irəliləməyə səsləyir və mən bu səsin çağırışını qəbul edirəm...



Polad Həşimovla qəfil qarşılaşma, yaxud ölümsüz sevgi!

 Aşağıya doğru uzanan yolu tutub irəliləyirəm. Bir qədər gedəndən sonra ensiz yol məni əvvəlkindən daha böyük genişliyə çıxarır. Bu kəs sağ tərəfimdə viran edilən uçulub-dağılmış məscid, sol tərəfimdən isə erməni faşisminin kor qoyduğu bulaq var. Lakin əvvəlki küçədən fərqli olaraq, burada işğaldan sonra Azərbaycan dövlətinin apardığı ilkin abadlıq işləri daha çox diqqəti cəlb edir. Yol kənarında bir neçə iri zibil qutusu qoyulub ki, bu da səsiszliyə qərq olan küçədə həyatın mövcudluğundan xəbər verir. Divar və səkilərdə Şuşanı azad edən qəhrəman döyüşçülərimizin qələbə əhval-ruhiyəli söz və cümlələri, sevinc nidaları, mesaj və çağırışları yer alır. Və birdən gözlərim yol kənarında ucaldılan lövhəyə - bu lövhə üzərində yazılan yazıya dikilir. Əllə yazılan, sadəcə bir və ya bir neçə döyüşçünün deyil, ümumilikdə xalqın arzusunu ifadə edən sözlər dünyanın ən sehirli kəlməsi kimi məni ovsunlayır: “Bu küçəyə Polad Həşimovun adı verilsin!”

Bu sözlərlə elə anda, elə psixoloji vəziyyətdə qarşılaşıram ki, özümü sanki Polad Həşimovla üzləşmişəm kimi çaşqın və qürurlu hiss edirəm. 2020-ci ilin 14 iyul tarixində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Polad Həşimovun – onun ölümsüz xatirəsinin, ona olan sevgi və ehtiramın bir il sonra Şuşada anidən qarşıma çıxması qəlbimi sözün həqiqi mənasında təlatümə gətirir. Polad Həşimovla bağlı bir cümləlik istək mənə 44 günlük Vətən müharibəsində ordumuzun psixoloji əhval—ruhiyyəsi, mübarizə ruhu, döyüş əzmi haqqında cild-cild kitablardan daha çox söz deyir. Bu fakt sübut edir ki, 2020-ci ilin soyuq noyabr günlərində  Şuşa uğrunda ölüm-dirim savaşına qalxan hərbçilərimiz, həm də bütün şəhidlərimiz kimi Polad Həşimovun intiqamını almaq üçün mübarizə aparıb, ürəklərində Polad Həşimova sonsuz sevgi və ehtiram daşıyıblar. Şuşa erməni işğalından azad ediləndən dərhal sonra yol kənarındakı lövhəyə Polad Həşimovla bağlı məlum xahiş-müraciətin həkk edilməsi də, xalqın öz qəhrəmanına, şəhid generalına olan sonsuz məhəbbətindən, onu Şuşada, Şuşa ucalığında görmək arzusundan xəbər verir.

Mən çiynimdəki fotoaparatı işə salıb bu lövhədəki sözləri kameranın yaddaşına həkk edirəm. Düşünürəm ki, Bakıya qaydandan dərhal sonra döyüşçülərin bu arzusunu ictimaiyyiləşdirərək əlaqədar qurumların diqqətinə çatdıracam, Polad Həşimovun isminin Şuşada- Azərbaycanıln mədəniyyət paytaxtında da əbədiləşdirilməsinə səy göstərəcəm.

Şuşada Polad Həşimovla bu qəfil qarşılaşma bir həqiqəti də yadıma salır: Xalq sevgisi ölümsüzdür. Bu sevgi onu qazanan şəxsi hər yerdə izləyir, ona əsl ölümsüzlük və əbədiyyət qazandırır. Xalqın sevgisini, millətin məhəbbətini qazanan şəxs bu sevginin qanadları altında bütün zirvələri, yüksəklikləri fəth edir, öz adını tarixin yaddaşına qızıl hərflərlə həkk etdirir. Polad Həşimov nümunəsi buna ən böyük nümunədir.

 Vaxtın azlığını nəzərə alıb Polad Həşimovla – onun isminin həkk edidiyi lövhə ilə vidalaşıb axtarışıma davam edirəm. Və inanmaq istəyirəm ki, bu gün mən son 28 ildə doğma evimiz, uşaqlıq xatirələrim, şüurumun yada salıb işığına yetişə bilmədiyi keçmişimlə bağlı narahat edən bütün suallara cavab tapa biləcəyəm...

 Ardı var.

Seymur ƏLİYEV

P.S.Səfərdə iştirakıma şərait yaratdığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və şəxsən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə dərin təşəkkürümü bildirirəm.