Şuşa İli:“Şuşalıların evlərinə qayıdışı...”

Xəbər verdiyimiz kimi, 2022-ci il “Şuşa İli” elan edilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. 
Bu barədə Prezident.az məlumat verib. 
Sərəncama əsasən, Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci il “Şuşa İli” elan edilib. Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb, həyata keçirməlidir. 

Qeyd edək ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Sərəncamda bildirilib ki, təməlini 1752-ci ildə Qarabağ xanı Pənahəli xanın qoyduğu və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib:

“Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub, saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. 

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. 
Haqq yolu naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilib. Tariximizə Zəfər Günü kimi həkk olunub.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Həmçinin quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. 
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması Şuşadakı kompleks işlərin tərkib hissəsidir. Eyni zamanda Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı görüləcək işlərə daxildir. 

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsi bərpa edilib. Bu da onu göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır”. 
Sərəncamı yüksək qiymətləndirən millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan olunması çox qiymətli və hamımızın ürəyincə olan bir qərardır:

“Əminliklə demək olar ki, şuşalılarımızın Şuşaya qayıdış ili olacaq. Şuşada bərpa-quruculuq işləri daha da sürətlənəcək. Şuşa yaşayış üçün tam hazır vəziyyətə gətiriləcək. Eyni zamanda bundan öncə də Cənab Prezidentimizin fərmanları ilə Şuşa tarix mədəniyyət mərkəzi, tarix mədəniyyət qoruğu elan olunub.

 Şuşanın tariximizi əks etdirən formada tikilişinə çox diqqət yetirilir, belə də davam edəcək. Yəqin ki, tarixi şəxsiyyətlərin abidələləri oraya yerləşdiriləcək. Arzuolunandır ki, Şuşanın işğaldan azad olunmasında igidlik, fədakarlıq göstərib, şəhidlik zirvəsinə ucalanların da xatirəsi Şuşa şəhərində öz əksini tapsın. 

Küçə adları, müxtəlif barelyeflərlə, büstlərlə, xatirə kompleksləri ilə təşkil edilsin. Şuşa hazırkı sərəncama əsasən də elə bir səviyyədə tikiləcək ki, ora səfər edənlər həqiqətən də Azərbaycan tarixini nümayiş etdirən mənzərələrlə qarşılaşacaqlar. Gözəlliyinə valeh olacaqlar. 
Əsas məqam kimi vurğulamaq lazımdır ki, bu il “Şuşa İli”ndə şuşalıların Şuşaya qayıdışı ən yüksək dəyər, sevincli anlar olacaq”.