Sərhəddə təxribatlar səngiməyəcək

Məqsəd odur ki, Ermənistan Azərbaycan qarşıdurmasını yeni müstəviyə keçirsinlər

Son günlər Ermənistanın təxribatının sayı artıb. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Növbəti təxribatla ermənilər yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, həmçinin Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Ordumuzun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Müdafiə Nazirliyi dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etmədiyini bildirib. Eyni zamanda Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruduğunu qeyd edib. Bu hadisələrdən sonra Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı reallaşıb. Nazirlər Qazaxıstandakı mövcud vəziyyəti dəyərləndirib, fikir mübadiləsi aparıblar. Bunun ardından Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb: "Respublikada vəziyyətin yaxşılaşmasına töhfə verən səmərəli koordinasiya edilmiş sülhməramlı kontingentin fəaliyyəti qeyd edilib. Həmçinin Qarabağ ətrafında mövcud durum, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, ötən ilin 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası ilə bağlı bəzi məsələlər müzakirə edilib". 

Qeyd edək ki, Qazaxıstan hadisələrinə Ermənistan münasibət bildirib. Ədavətli ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib ki, Ermənistan bu kimi analoji təhlükələrlə üzləşdiyi təqdirdə KTMT-nin yardımına ümid bəsləyir. 
Yaşanan bu proseslərdən sonra Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını, həmçinin Zəngəzur dəhlizinin açılmasını ertələyə bilərmi? 

Sualımızı cavablandıran siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələr düşmən ölkənin özündən qaynaqlanmır:

"Prosesləri Ermənistanın arxasında olan qüvvələr həyata keçirir. Burada həm qərbin, həm Rusiyanın, həm də İranın maraqları var. Məqsəd ondan ibarətdir ki, Azərbaycan və Ermənistan qarşıdurmasını yeni müstəviyə keçirsinlər. Apardığım analizin nəticəsi bunu göstərir. Rusiyanın əsas maraqları sırasında iki ölkənin gərginliyindən yararlanıb, rus sülhməramlılarını sərhəd boyu yerləşdirmək dayanır. Yəni Ermənistanın müraciəti əsasında bunu reallaşdırmaq gündəmdə ola bilər. Amma bu, mümkünsüzdür. Əvvəla, KTMT-nin Qazaxıstana müdaxiləsini dünya ictimaiyyəti çox pis qarşılayıb. Həmin təşkilatın bilavasitə bu tip məsələlərə müdaxiləsi beynəlxalq hüquqa ziddir. Azərbaycan Ermənistan tərəfə keçmir, sərhədi pozmur. Ərazimizdə hələ Ermənistan silahlıları mövcuddur. Azərbaycan öz sərhədlərinin delimitasiya və demarkasiyasını istəyir. Təbii olaraq Ermənistanda Paşinyanı istəməyən qüvvələr çalışacaq ki, Azərbaycan-Ermənistan sərhədində belə xaotik durumlar olsun. Əslində Paşinyan üçün bu, arzuolunan deyil. Görünən odur ki, Ermənistan ordusunda hələ də Rusiyaya xidmət edən erməni hərbçiləri var. Tez-tez təxribat törətməyə cəhd edilir ki, Azərbaycan Ordusu sərhədi keçsin. Amma Ermənistan bu arzusuna çatmayacaq. Nə KTMT, nə də başqa xətt ilə Azərbaycana hər hansı bir təzyiq göstərə biləcək. Azərbaycanın idarəetməsi çox peşəkar bir siyasətçinin əlindədir. Ermənistan və onu dəstəkləyən dövlətlərin ölkəmizə qarşı törədə biləcəkləri təxribatı ölkə başçısı çox yaxşı bilir". 

Professor əlavə edib ki, Ermənistan prosesləri nə qədər gecikdirməyə çalışsa, bir o qədər onların ziyanınadır: 

"Onsuz da indiki iqlim şəraiti sərhədlərin delimitasiya və demarkasiyasını reallaşdırmağa çox ciddi problemlər yaradacaq. Ona görə də Azərbaycan yəqin ki, havaların isinməsinə qədər gözləməyə üstünlük verəcək. Bu da təbii haldır. Sülh müqaviləsinin gecikdirilməsi də Ermənistanın xeyrinə deyil. Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ də var. Həmin dəhlizin açılması da bilavasitə Azərbaycandan çox Ermənistana, yaxud da digər ölkələrə lazımdır. Çünki Ermənistan tam blokadadadır. Müəyyən qüvvələr blokadanın açılmasına razı deyil. Bu cür təxribatlar yəqin ki, yenə də olacaq. Son bir neçə ayda görünən odur ki, Ermənistan bu təxribatları davam etdirəcək. Amma hər dəfə də düşmən tərəf kifayət qədər "payını" alacaq. Azərbaycan Ermənistanın törətdiyi təxribatlara "dəmir yumruq" səviyyəsində cavab verib, verir və verəcək".