Şükür ki, proses başlayıb: "Qarabağı görmək hamıya qismət olacaq"  

 Yanvarın 24-dən etibarən azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm sərnişin marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb. 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala biləcəklər.

Qarabağa təşkil olunacaq səfərlərlə bağlı  “Sherg.az”a danışan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bu səfərləri xoş addım kimi dəyərləndirib:

“Mən Qarabağa vətəndaşların səfərlərinin təşkil olunmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ürəyi Qarabağ eşqi ilə döyünən hər bir azərbaycanlının dilbər güşələrimizi, işğaldan azad olunmuş ərazilərimizi  gedib gəzməyə haqqı çatır”.

Jurnalist, vətəndaşların səfərlərə yalnız ildə bir dəfə gedə bilməsinə də münasibət bildirib və öz təkliflərini irəli sürüb:

“Səfərlərin ildə bir təşkil olunması ciddi məsələdir. Ola bilsin ki, müraciətlərin çox olacağını nəzərə alıblar və buna görə   qərar verilib. Bunun təfərrüatını bilmirəm. Amma inanıram ki, Qarabağı görmək istəyənlərin hamısına oranı görmək qismət olcaq. Mən özüm Cəbrayıl rayonundanam. Məcburi köçkün sayılıram. Mənim jurnalistlik fəaliyyətim olduğuna görə bu mənə qismət olub. Fəaliyyətimlə əlaqədar, öz doğulduğum rayonu, doğma kəndimi görmüşəm. Amma mənim həmyerlilərim və qohumlarım arasında yüzlərlə, hətta minlərlə insan var ki,  öz ata-baba yurdlarını  - Qarabağı görmək istəyirlər. Onların bəziləri 70-80 yaşlı ahıl şəxslərdir. Bəlkə də onların ömrü Qarabağda yaşamağa vəfa etməyəcək. Buna görə də mən arzu və təklif edirəm ki, təkcə Ağdama v ə Şuşaya yox, Qarabağın digər işğaldan azad olunmuş torpaqlarına bu cür səfərlər təşkil olunsun. Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə belə səfərlər təşkil olunmalıdır. Bizim hökümət və əlaqədar qurumlar bu məsələni diqqətdə saxlamalıdır. Heç olmasa, insanlar bu dünyadan “sinəsi yüklü” köçməməlidir. Yaşlı insanlar bir dəfə də olsa, öz ata-baba yurdunu görməlidir. Bu fikrin gündəmdə saxlanılmasının tərəfdarıyam. Çünki bununla bağlı bir jurnalist kimi yüzlərlə insan mənə müraciət edib. Hətta mən öz adımdan müvafiq qurumlara rəsmi qaydada müraciət etmişəm. Şükür ki, artıq bu proses başlayıb”.

Çimnaz Şahlar