Deputat mesaj verdi:“Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ermənilərdə qalmayacaq”

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Səfər çərçivəsində prezident Gəncə Memorial Kompleksinin təməlini qoyub. Daha sonra İlham Əliyev AZƏRTAC-a müsahibə verib.
Ölkə başçısı müsahibə əsnasında mühüm məsələyə toxunub:

“Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Azərbaycan liderinin qeyd etdiyi önəmli detallarla bağlı "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov bildirib ki, tariximizdəki qanlı günləri unutmaq olmaz:

“Sovet hakimiyyəti xalqımızın başına gətirilən qətliamları yaddaşlardan silmək üçün əlindən gələni edib. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizi yaşatmağa başladı. Ulu Öndərimiz Heydər Əliyevin dövründə bu məsələlərə xüsusi diqqət ayrılıb. Bu gün də cənab prezidentimiz İlham Əliyevçox doğru bildirir ki, heç nəyi unutmamalıyıq. 

44 günlük Vətən müharibəsi dövründə düşmən cəhbə xəttindən uzaqda yerləşən dinc əhaliyə qarşı çox ağır silahlardan istifadə etdi. 400 nəfərdən çox insanımızı qətlə yetiriblər. Təbii ki, əhalimizin qanı yerdə qalmadı. Azərbaycan ordusu düşmənin başını əzdi. Şəhidləri unutmaq mərd xalqa yaraşmaz. Ona görə də memorial kompleksimizin təməli qoyuldu. Ermənilərin törətdiyi vəhşiliklər, qətliamlar unudulmamalıdır”.

Deputat prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı mühüm mesajını da diqqətə çatdırdı:

“Prezident bəzi siyasət dəllalarına, hadisələrin gedişindən doğru nəticə çıxarmayanlara ciddi mesaj ötürdü. Ali Baş Komandan "Dəmir yumruğu" işə salaraq düşmənin başını əzəcəyini bildirdi. Ötürülən mesajda Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və digər torpaqlarımızın ermənilərin əlində qalmayacağı vurğulanıb. Hamısını düşməndən azad edəcəyik”.

Xanlar ƏLİBƏY