Deputatdan kritik açıqlama:“Rus sülhməramlılar terrorçuları gücləndirirlər” - Problem böyüyür!

“Məncə, bu vəziyyət bir müddətdən sonra Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün çox ciddi problemə çevriləcək”

“Onsuz çevrilib və bu situasiya böyüməyə davam edir. Bunun qarşısı alınmalıdır”  

“Sülməramlılar özbaşına deyillər. Rəsmi Moskvadan hansı təlimatı alırlarsa, o xətt üzrə də gedirlər”


Erməni terror təşkilatı VOMA yenidən aktivləşməyə başlayıb. Vətən müharibəsindən sonra səsi batan terror təşkilatının sorağı son vaxtlar sosial şəbəkələrdən gəlir. 
Təşkilatın məlumatına görə, onlar yeni terrorçular hazırlamaq məqsədi ilə “filiallarından” birini Xankəndidə açmağa hazırlaşırlar. 

Azərbaycan ərazisində məskunlaşan Rusiya sülhməramlıları bizə ciddi nəzarət edirlər. Lakin Ermənistan tərəfinə qarşı təbirlər görülmür. Hətta, terrorçular fəaliyyətə başlayıb. Bu prosesin genişlənəcəyi müşahidə olunur.

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov sülhməramlıların Azərbaycan ərazisinə daxil olan gündən separatçılarla əməkdaşlıq etdiyini bildirib:

“Sülhməramlılar onları himayə edir, ərazimizdə yaşamasına, möhkəmlənməsinə və güclənməsinə yardım edirlər. Fəaliyyətləri gizlin deyil. Bu da, ASALA və digər terror təşkilatları kimi açıq fəaliyyət göstərir. Sülhməramlıların öz missiyalarına aid olmayan, Azərbaycan qanunlarını və təhlükəsizliyini pozan bir aktdır. Çox harınlayıblar.  Arayik Arutyunyan Azərbaycan əsgərini axtarışa verir ki, Seyran Sarkisyanı öldürüb”.

Millət vəkilinə görə, gedişat daha da kritik hal alacaq:

“Məncə, bu vəziyyət bir müddətdən sonra Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün çox ciddi problemə çevriləcək. Onsuz çevrilib və bu situasiya böyüməyə davam edir. Bunun qarşısı alınmalıdır.  Ermənistana məxsus silahlı birləşmələrin bu gün Azərbaycanın Qarabağ ərazisində mövcudluğu gələcək üçün çıxılmaz vəziyyət yaradır. Bunların da səbəbkarı birbaşa ərazimizdə yerləşən Rusiya hərbi kontingentidir. Təbii ki, bunlar da özbaşına deyillər. Rəsmi Moskvadan hansı təlimatı alırlarsa, o xətt üzrə də gedirlər”.

 Cəmilə ƏZİM