Prezident Ağdamda!– “Qarabağa qayıdışı tezləşdirir”





Dünən, Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib. Səfər zamanı Cümə məscidinin qarşısında çıxış edən ölkə başçısı bir sıra məsələlərə diqqət çəkib. Ali baş Komandan bildirib:
“Mən müharibədən sonra Ağdama üçüncü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil”.

Rayondakı bütün binaların, evlərin ermənilər tərəfindən dağıdıldığını qeyd edən Prezident İlham Əliyev deyib: 

“Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərlə bağlı məsələləri daim izləyib. Qarabağda innovativ inkişaf üçün müxtəlif addımlar atılır. Həmin əraziləri ziyarət edən ölkə rəhbəri problemlərlə yaxından maraqlanıb. O, hər dəfə  öz həssaslığını açıqca büruzə verib.

Məsələ ilə bağlı “Sherg.az”a münasibət bildirən ağdamdan olan millət vəkili Aqil Abbas ölkə başçısının səfərini yüksək qiymətləndirib:

 “Mənim bir zarafatım var. “Padşah olmayanda bolluq olar” deyiminə zidd olaraq,  bildirirəm ki, padşah gəzəndə bolluq olar.  Prezident işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər edir. Bütün bölgələri nəzərində saxlayır. Hər dəfə yeni binaların təməlini qoyur, açılışlar edir, diqqət ayırır. Xarici investorları dəvət edir. İnfrastukturalar artır. Bu cür inkişafa yönəlmək Qarabağa qayıdışı tezləşdirir.  Məsələn, gələn il Şuşaya qayıdış başlayacaq. Ağdama və digər ərzilərə də dönüş olacaq. Cənab İlham Əliyevin ölkə rəhbəri kimi işğaldan azad olunmuş ərazilərə qayğısını daim müsbət dəyərləndirmişəm”.

 
Cəmilə ƏZİM