Aqil Abbbas:“Zəngilanda torpaq payının verilməyi də mühümdür”


Fevralın 23-də Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. 
Müzakirələr zamanı dövlət başçısı Zəngilan rayonunun kəndlərindən birində pilot layihənin icra olunduğunu bildirib. İlham Əliyev bu ilin yazında ilkin olaraq, təqribən 200 ailənin qayıdacağını qeyd edib.

Azərbaycan lideri insanların doğma evlərinə qaytarılmasında yaşanan çətinliyə də aydınlıq gətirib: 

"Minalanmış sahələrin xəritəsi, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub".

Pilot layihə ilə bağlı fikirlərini bölüşən Millət vəkili Aqil Abbas "sherg.az"a bildirib ki, sakinlər dədə-baba torpaqlarına məcburi şəkildə qaytarılmayacaq:

“Uzun illər hər kəs torpağını azad görməyi arzulayıb. İndi torpaqlar düşməndən azad edilib. Doğma torpağına gedib evini görmək istəməyən insanların olduğuna inanmıram. Elə insanlar varsa da, onlarda vətən anlayışı yoxdur. Hətta evləri tam tikilməyən bir çox insan torpağına qayıdar. Xalqımız güllədən qorxmur. Çünki əhali əsgərinə güvənir. Əhalinin torpaqda qalmağını təmin etmək üçün Zəngilanda işlə təmin olunmalıdır. İşi olan insanlar orada yaşamağı daha üstün tutacaqlar. Həmçinin torpaq payının verilməyi də mühümdür. Sakinlər torpaqları əkib becərəcək. Bu da inkişafa gətirib çıxardacaq”.

Xanlar ƏLİBƏY