“Azərbaycan “Laçın dəhlizi”nə müdaxilə etməlidir” – Silahlı dəstələrə qarşı..

Ermənistan tərəfindən il ərzində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının əsas elementlərindən birini təşkil etmiş “hərbi əsirlər” mövzusu üzrə irəli sürülən əsassız ittihamların neytrallaşdırılması, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması diqqət mərkəzində olub. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirib ki, Ermənistan tərəfinin bu kimi təxribat xarakterli hərəkətləri barədə müvafiq beynəlxalq təşkilatlara məktublar ünvanlanıb: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb”. – deyə məlumatda qeyd edilib.

“Laçın dəhlizi”nin təyinatına zidd istifadəsi haqqında “Sherg.az”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan tərəfi  nəinki, addım atmalıdır, həm də bura müdaxilə etməlidir:

“Bəyanatda belə buna əsas verən detallar var. Orada qeyd olunub ki, Azərbaycan dəhlizdə müəyyən nəzarəti həyata keçirməlidir və təhlükəsizliyə zəmanət verir. Zəmanət üçün də Azərbaycan oranı yoxlamalıdır. Hesab edirəm ki, bu məsələdə Azərbaycan artıq bütün dünya ölkələrinə , BMT və başqa qurumlara  müraciət etməlidir. 

Bundan əlavə həm də hərəkət etməlidir. Hər hansı şəkildə silahla bölgəyə daxil olan qüvvələrə Azərbaycan müəyyən dərəcədə öz təsirini göstərməlidir. Lazım olan vaxtda zərbəsini vurmalıdır. 

Çünki bu məsələ bütün hallarda Azərbaycanın dövlət maraqlarına və “10 Noyabr Bəyannamə”sinin ruhuna ziddir. Kimsə bundan istifadə edib hansısa bir məqsəd güdürsə, o, bilavasitə bəyannamənin bəndlərini pozur”.

 Millət vəkili hesab edir ki, Azərbaycan burada tam haqlıdır və hüquqi cəhətdən məsələni gündəmə gətirməklə əslində ata biləcəyi addımların da müəyyən dərəcədə əsaslandırmasını indidən ortaya qoyur.

 Çimnaz