Suqovuşan Turizm Kompleksinin tikintisinə 5 hektar ərazi ayrılıb


"İşğaldan azad edilən Tərtərin Suqovuşan qəsəbəsində turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq ilkin işlərin aparılmasına start verilib".

Bu barədə bu gün Suqovuşana təşkil edilən mediatur zamanı, Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov "Report"un Qarabağ bürosuna verdiyi açıqlamada bildirib.

“Prezidentin tapşırığına əsasən biz əvvəllər Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən, artıq o işlərin başlandığını görürük. Bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur”, deyə o bildirib.

E. Cavadovun sözlərinə görə, eyni zamanda burada istirahət yerlərinin inşası planlaşdırılır: “Artıq Prezident tərəfindən burada təməlatma mərasimini olub. Burada, xüsusilə Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması və gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Həmçinin, parklama və iaşə zonaları inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün, ilkin olaraq 5 hektar ərazi ayrılıb".