Fərrux dağ yüksəkliyinin strateji əhəmiyyəti:“Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində...”


Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda Azərbaycan tərəfinin öz bölmələrini  Qarabağın Fərrux yaşayış məntəqəsindən çıxardığını qeyd etmişdi.

 Qarabağ qazisi, hərbi-jurnalist Rey Kərimoğlu “Fərrux” yüksəkliyi və onun əhəmiyyəti haqqında “Sherg.az” a danışıb. O, bildirib  ki, həmin ərazi ciddi strateji əhəmiyyəti olan yerdir:

“Əvvəlla bu yalnızca bir kənd deyil. Orada Fərrux dağ yüksəkliyi silsiləsi var. Bu silsilə 6-7 dağdan ibarətdir. Oradan Fərrux kəndi ilə birlikdə bir neçə yüksəklik bizdədir. Fərrux kəndi 31 evdən ibarət bir yerdir. Amma Fərrux dağ yüksəkliyi adlanan ərazi çox hündür bir dağ silsiləsidir və ciddi strateji əhəmiyyəti olan bir yerdir. O dağ yüksəkliyi azad olunub və Azərbaycan ordusunun nəzarətinə keçib. Bununla da Ağdam şəhəri və 10-dan artıq kənd tam təhlükəsiz duruma keçir. Artıq düşmən oranı atəşə tuta bilməyəcək. Çünki ora elə bir yüksəklik idi ki,  Ağdam və onun 10-dan artıq kəndi düşmənin ovcunun içində qalırdı. Artıq bu məsələ həll olundu. Eyni zamanda Əsgəran, Xanabad, Xocalı da tam şəkildə Azərbaycan Ordusunun ovcunun içində olacaq”.

Hərbi-jurnalist qeyd edib ki, Azərbaycan Ordusu bu işi dinc yolla həyata keçirib:

“Ona görə də bu məsələni yüksək qiymətləndiririk. Bu, Azərbaycan Ordusunun  bir güllə atmadan və heç bir insana xəsarət yetirmədən həyata keçirdiyi işdir. Buna əməliyyat deməyək. Çünki 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişdə konkret olaraq göstərilib ki, rus sülhməramlı qüvvələr əraziyə yerləşdirilir, paralel olaraq erməni silahlı qüvvələr çıxarılır. Təəssüf ki,  Rusiya və Ermənistan bu sazişə əməl etmir. Azərbaycan Ordusu bunu məcbur olub dinc yolla, yerlərdə yerdəyişmə etməklə bu məsələni özü həll edir. Ermənistan  və Rusiya müdafiə nazirliyi Azərbaycan dövlət və ordusunun bu xoşməramlı niyyətinə ləkə atır.
Azərbaycan Ordusu BMT tərəfindən tanınmış ərazisində döyüş postlarını daha uyğun mövqeylərlə dəyişir. Bu günə qədər ermənilər daim bu əraziləri atəşdə saxlayıb. Parelel olaraq da Azərbaycan Ordusu onları bir güllə atmadan, itki vermədən dinc yolla susdurub”.

R.Kərimoğlu sonda qeyd edib ki, Azərbaycanın bu addımını yalnız alqışlamaq lazımdır.