Asta-asta Xankəndiyə yaxınlaşırıq

Ərəstun Oruclu: "İstisna deyil ki, bir müddətdən sonra, bu bölgələr nəzarətimizə keçəcək"

Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı siqnallar var.
“Azəriqaz” bildirib ki,  Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.
Ermənilərə vətəndaşlıq verilməsi məsələsi 44 günlük Vətən müharibəsindəki qələbəmizdən bu yana aktual mövzulardandır.

Qeyd edək ki, rus sülhməramlıların nəzarəti düzgün yerinə yetirməməsi də Xankəndi ilə bağlı atacağımız addımlara təsir edir. Həyata keçirə biləcəyimiz tədbirlərlə bağlı ehtimallar artır.

Xankəndi ilə bağlı “Şərq”ə danışan politoloq Ərəstun Oruclu Azərbaycanın bu şəhərə qaz verməsini yüksək qiymətləndirib:

“Təəssüf ki, həm Azərbaycan, həm də Ermənistan mətbuatında bu məsələ ilə bağlı məlumat qıtlığı var. Amma müəyyən detallar var ki, onlar birmənalı şəkildə aydındır. Qaz verilməsi bərpa olunur. Məlum olur ki, ölkəmizin hələ də işğal altında qalan və rus sülhməramlıların nəzarətində olan ərazilərdə tərəflərin qazla təminatı dövlətimiz tərəfindən həyata keçirilir və bizdən asılıdır. Müsbət tendensiyadır. Rusiya hərbçiləri ilə ordumuz arasındakı zonalara mövqe qoymaq  məsələsi ilə bağlı mübahisələr və rus rəsmilərinin buna aqressiv reaksiyası göstərir ki, artıq həmin torpaqlara bizim nəzarət etmək istəyimiz var”.

Ə.Oruclunun fikrincə, rus sülhməramlıların nəzarətdə olan ərazilərdən çıxmasını demək həddindən artıq optimist yanaşmadır:

“Düşünmürəm ki, getməyə hazırlaşırlar. Bizim tərəf Rusiyaya təzyiq göstərir. Xüsusilə də, Ukraynadakı müharibədən sonra rəsmi Moskvanın hər hansısa sülhməramlı missiya keçirməyə mənəvi haqqı yoxdur. Həmin hərbi kontingent ərazimizə adi üçtərəfli bəyanatın əsasında yeridilib. Bu da ilk gündən Azərbaycan konstitusiyasına zidd durumdur. Şimal qonşumuz 1 il yarım müddətdə öz mandatını leqallaşdıra bilməyib. Ölkəmiz bunu rəsmiləşdirməyib. Yəni hansısa parlament səviyyəsində qərar qəbul etməklə qanunvericiliyimizə uyğunlaşdırmaqla, onlara status verilməsi məsələsi havada qaldığından, təbii ki, Kremldə qıcıq yaradır. Çünki rus hakimiyyəti bununla həm ölkəmizə, həm Ermənistana təsir göstərmək istəyir. Rəsmi İrəvan hakimiyyəti Rusiyaya tabe olmaq istəmir”. 

Politoloq ərazilərə nəzarətin bizə keçməsinin mümkün ola biləcəyindən bəhs edib:
“Düşünmürəm ki, həmin ərazilər bu gün  Azərbaycanın nəzarətindədir. Çünki bununla bağlı fakt yoxdur. Amma strateji mövqeləri öz nəzarətinə qaytarmaqla asta-asta irəliləyə bilir. İstisna deyil ki, bir müddətdən sonra, bu bölgələr nəzarətimizə keçəcək”.

Ərəstun Oruclu ermənilərlə bağlı məsələnin necə həll ola biləcəyini izah edib:

“Azərbaycan qanunvericiliyinə görə ikili vətəndaşlıq artıq mümkün deyil. Qanuna düzəliş edilənə qədər həmin status saxlanılırdı. Nəzərə alsaq ki, qondarma Dağlıq Qarabağ Respublikası tanınmayan qurumdur, şəxsiyyəti təsdiq edən sənədləri dünyada tanınmır. Bu halda  qanunvericiliyimizdə müəyyən dəyişikliklər olunmalıdır. Təbii ki, danışıqlar nəticəsində edilə bilər. Həmin əhaliyə də  seçimlər verilə bilər. Müəyyən müddətə qədər ikili vətəndaşlıqdan istifadə edə bilsinlər.  Öz təhlükəsizliyini təmin etmək üçün bunun baş verməsi ehtimalı olar. Tərəflər arasında etimad yoxdur. Çünki müharibə təzə bitib, 30 il işğal məsələsi var. İki dövlət arasında sülh müqaviləsi imzalansa, ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, biz də Qarabağın qaranlıq hissəsində yaşayan erməni icmasının nümayəndələrini ölkəmizin vətəndaşı kimi tanıyaq. Hələ ki, bu məsələnin baş verməsi tezdir. Mənim fikrimcə, Azərbaycan öz ərazilərinə nəzarəti bərpa etmək istəyir. Bunun alınması Rusiyadan asılıdır. Ermənistan heç nə həll etmir. Baş nazir Nikol Paşinyan da məsuliyyəti qarabağlıların və rəsmi Moskvanın üzərinə atıb”.