Şuşa qurultayı zəfərimizin təntənəsi olacaq

Dünya azərbaycanlıları geri döndükdə yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edəcəklər

Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır: “Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”.
Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox önəmlidir. Deputat vurğulayıb ki, Azərbaycan xalqının böyük qələbəsində diasporanın da mühüm xidmətləri, payı olub: “Qurultay zəfərimizin təntənəsi olacaq. Bu gün hər bir azərbaycanlının ürəyi Şuşa ilə döyünür. Nəinki ölkədə yaşayan vətəndaşlarımız, dünyanın müxtəlif dövlətlərindəki soydaşlarımız Şuşanı görmək arzusundadır. Qurultay iştirakçıları Şuşa ilə tanış olacaq, orada aparılan quruculuq işlərini görəcəklər. Şuşa haqqında aydın təəssüratları yaranacaq. Eyni zamanda erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Geri dönərkən isə yaşadıqları ölkələrdə həqiqətləri təbliğ edəcəklər. Azərbaycanın haqq işinin uğurla davam etdirilməsinə öz töhvələrini verəcəklər. Ona görə də qurultay çox əhəmiyyətlidir və xüsusi önəm daşıyır”.