Şuşa Qurultayının böyük tarixi, siyasi və mənəvi əhəmiyyəti var


Qarabağ zəfəri dünya azərbaycanlılarını dövlətimizin ətrafında daha sıx birləşdirir

Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçılarının ilk qrupu Şuşaya çatıb.
Şuşada keçiriləcək Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 aprel tarixlərində Şuşa şəhərində keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Dünya azərbaycanlılarının mötəbər tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə, unudulmayacaq böyük bayramdır. Ona görə də biz bu qurultayı Zəfər Qurultayı adlandırırıq”.

Millət vəkili Azər Badamov deyib ki, ümummilli lider Heydər Əliyev dünyada yaşayan azərbaycanlıları həmişə həmrəy olmağa və azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırış edirdi. O, bütün xarici səfərlərdə ölkədə yaşayan bir qrup azərbaycanlı ilə görüşür, məsləhət və tövsiyələrini çatdırırdı: 

“1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. O gündən başlayaraq dünyada yaşayan azərbaycanlılar hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Ulu Öndər 31 dekabr tarixini bayram elan etməklə dünyada yaşayan azərbaycanlıların vətəninə bağlılığını daha da artırmış oldu. Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabr 9-10-da baş tutdu. Qurultayın əsas məqsədi dünyada yaşayan azərbaycanlıları təşkilatlandırmaq və bir amal ətrafında birləşdirmək məqsədilə diaspor komitəsinin yaradılması məsələsini müzakirə etmək idi. Ulu öndər Heydər Əliyev qurultayda demişdi ki, beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var: “Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, diasporu yaşadıqları ölkədə, ümumiyyətlə, beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu, bizim diasporun formalaşmasının ilkin mərhələsidir. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər”. Beləliklə, 2002-ci il iyulun 5-də Heydər Əliyev "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Komitə dövlət qurumu olaraq dünyada yaşayan soydaşlarımızla işləməyə başladı”. 

Deputatın sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında qoyulan əsas məsələ Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, dünya azərbaycanlılarını daha sıx birləşdirmək və informasiya müharibəsindən qalib çıxmaqdır:

 “2016-cı il iyunun 3-4-də keçirilən Dünya Azərbaycanlıların IV Qurultayında dünya azərbaycanlıların qarşısında duran vəzifələrə toxunan Prezident İlham Əliyev qeyd edib ki. “Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün burada lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək”. Artıq dünyada 500-ə yaxın diaspor təşkilatımız fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətini bu gün yaratdığımız yeni reallığa uyğun qura bilib. 44 günlük Vətən müharibəsi dövründə Komitə dünyanın bir çox ölkələrində azərbaycanlıları birləşdirərək mitinqlər və aksiyalar keçirməklə ədalətli mövqeyimizin dünyaya çatdırılmasında yaxından iştirak edib. Azərbaycan qalib ölkədir və diaspor fəaliyyəti Qələbəmizin daha da möhkəmlənməsi istiqamətində dövlətimizin başçısının apardığı siyasi kursuna uyğun formalaşdırılıb”.

A.Badamov vurğulayıb ki, V Qurultayın Şuşada keçirilməsinin böyük tarixi, siyasi və mənəvi əhəmiyyəti olacaq:

 “Əvvəlki qurultaylarda diaspor fəaliyyətimiz əsasən torpaqlarımızın ermənilər tərəfindən işğalına son qoyulması istiqamətində qurulmuşdusa, V qurultayda dövlətimizin başçısı dünya azərbaycanlılarının qarşısında yeni vəzifələr qoyacaq. Düşünürəm ki, bu vəzifələr informasiya müharibəsində mübarizəmizi daha da genişləndirmək, ermənilərin bizə qarşı törətdikləri soyqırımları və vəhşilikləri dünyaya daha geniş şəkildə çatdırmaq istiqamətində olacaq”.