İşğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları inkişafın yeni lokomotivinə çevriləcək

Prezident İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Qeyd olunub ki, Füzuli rayonunun ərazisinin əhəmiyyətli hissəsinin 27 ildən çox işğal altında qalması rayonun suvarma suya olan tələbinin ödənilməsində çətinlik yaradırdı. Xüsusən, yay mövsümündə olan müraciətlərin bir qismi məhz suvarma su təminatı ilə bağlı olur.

İşğaldan azad olunan ərazilərimizdə su hövzələrin qısa zamanda bərpası istiqamətində həyata keçirilən işlər Qarabağda suvarma suya olan tələbin ödənilməsi baxımından vacib idi. 
Millət vəkili Vüqar Bayramov açıqlamasında bildirib ki, Azərbaycanın mineral və suvarma su ehtiyatlarının təxminən dörddə biri işğaldan azad olunan ərazilərimizin payına düşür. Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur: “Bu, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımından vacib faktorlardan biridir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək. 

Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq.

 Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq”.