"Prezidentin tövsiyələri xaricdəki soydaşlarımızın məsuliyyətini artırır”

“Vətən müharibəsində qazanılan şanlı qələbə dünya azərbaycanlılarına unudulmaz fəxarət hissi yaşatdı. Xaricdəki soydaşlarımızın Vətən sevgisi artdı, birlik və həmrəyliyi möhkəmləndi”.  

Bu sözləri “Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

Ekspert bildirib ki, dünya azərbaycanlıları heç vaxt Vətən müharibəsi dövründəki kimi həmrəy olmamışdı: 

“Ali Baş Komandan dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirdi. Məhz bunun nəticəsi olaraq xaricdəki soydaşlarımız informasiya müharibəsində fəallıq göstərdilər, erməni yalanlarını ifşa etdilər. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Dövlət başçısı bu işin davam etdirilməsinin zəruruliyini də xüsusi qeyd etdi. Cənab Prezident bununla xaricdəki soydaşlarımızın əməyinə yüksək qiymət verdi. Həmçinin, onlara aktivliklərini artırmasını tövsiyə etdi. Çünki Azərbaycana qarşı erməni yalan maşını işləyir, ikili standartlar davam edir. Ermənilərin ərazi iddialarına qarşı faktlarla, dünyanın qəbul edəcəyi vasitələrlə iş aparılmalıdır. Bu baxımdan Zəfər Qurultayında ölkə başçı tərəfindən verilən tövsiyə və tapşırıqlar xaricdəki soydaşlarımızın məsuliyyətini daha da artırır”.