"Ermənistanla tez-tələsik sülh razılaşmasına gedilməsi heç də çıxış yolu deyil"  - Politoloq

"Ən yaxşı yol Ermənistanı məhkəmə yolu ilə təzminat ödəməyə məcbur etməkdir"

“Ermənistanın Azərbaycan ərazilərini tanımayıb., vaxtilə ona iddia etməsi ilə nəticələnən işğal faktı onu deməyə əsas verir ki, iki ölkə arasında sərhəd məsələsi açıq qalır”. 

Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Azər Qasımov deyib. 

Ekspert bildirib ki, belə vəziyyət yeni şəraitdə Ermənistanın özünə qarşı çevrilir: 

“Azərbaycana sərhədlərin delimitasiyası və demorkasiyası üçün manevr imkanları verir. Konkret sərhəd xətti olmadığı üçün Azərbaycan Ermənistandan tarixən ona mənsub olan ərazilərin də tələbi məsələsini qoya bilər və qoymalıdır. Bu məsələlər çox müzakirə edildiyi üçün üzərindən səthi keçməməliyik. Problemin tez-tələsik həlli üçün Ermənistanla sülh razılaşmasına gedilməsi heç də çıxış yolu sayılmır. Bütün şərtlərə əməl olunsa belə, bu sülh razılaşmasının ömrü Ermənistanın əlinə Azərbaycan əleyhinə yeni fürsətlər düşənə kimidir. Azərbaycan üçün sülh razılaşmasının dəyəri kağız parçasından o tərəfə getməməlidir. Biz bu dəfə də sadəlövhlük edib, erməni cəmiyyətinin bir qisminin həqiqətən də sülh istəklərini səmimi qəbul etməməliyik. Bir daha ən yaxşı yolun Ermənistanı məhkəmə yolu ilə təzminat ödəməyə məcbur etməkdir. Azərbaycan hakimiyyəti bu məsələni şəxsi fikirlərinə əsasən həll edə bilməz. Bu, bütün Azərbaycan dövlətinin strateji məsələsidir”.