Qarabağın iqtisadi potensialı çox yüksəkdir

İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək prioritet olmalıdır

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 


   Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı İlham Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bu hədəfləri müəyyən edərək, yeni dövlət dəstək proqramının olacağını elan etdi. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. 

Bu proqramlar regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında, eləcə də yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Hazırda icra olunan dövlət proqramı da bölgələrin sürətli inkişafını özündə ehtiva edir. Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlanıb. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verməkdədir. Kifayət qədər böyük olan bu ərazilərin iqtisadi potensialı da genişdir. Bölgələrdə bərpa və quruculuq işlərinin sürətlə davam etməsi regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir. 

Ötən gün Sabirabad rayonunun Nəsimi kəndində Qubadlıdan olan arıçıların doğma yaylaqlara yola salınması ilə bağlı tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisinin rəhbəri Fatih Yılmaz, Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, Peşəkar Arıçılar Birliyinin rəhbəri Elxan Ələkbərov və fermerlər iştirak ediblər. Qeyd olunub ki, ötən il Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinə dair həyata keçirilmiş pilot layihə uğurla nəticələnib. Layihənin yekun nəticələri təhlil olunduqdan sonra bu ildən arıçılıq təsərrüfatlarının köç edəcəyi yaylaqların siyahısına Qubadlı rayonunun yaylaqları da əlavə olunub. Bununla da 30 ilə yaxın fasilədən sonra Qubadlıdan olan arıçılar öz təsərrüfatlarını doğma yaylaqlara köçürmək imkanı əldə ediblər. Öz təsərrüfatlarını yaylaqlara köçürmək istəyən fermerlərin müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyində müvafiq siyahı hazırlanıb. Əvvəlcə fermerlər Minatəmizləmə Agentliyinin təşkil etdiyi təlimlərə cəlb olunublar. Təlimlərdə fermerlərə mina və partlamamış sursatla çirklənmiş ərazilərdə davranış qaydaları izah olunub. Fermerlərdən köç edəcəkləri dislokasiya məntəqələrində təlimata uyğun davranacaqlarına dair iltizamnamə alınıb. 

TİKA-nın Bakı Ofisinin rəhbəri Fatih Yılmaz iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, təmsil etdiyi qurumun Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də layihələr həyata keçirdiyini deyib. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində arıçılıq təsərrüfatlarına texniki dəstək göstərilib. 

“Dağ Arıçıları” İctimai Birliyi TİKA tərəfindən xüsusi konteynerlərlə təchiz olunub, birliyin məhsullarının qablaşdırılmasına köməklik göstərilib. Fatih Yılmaz Qubadlı arıçıları üçün xüsusi əhəmiyyət kəsb edən bu gündə arıçıların sevincini bölüşməkdən məmnunluq duyduğunu deyib, arıçılara hər zaman dəstək olacaqlarını vurğulayıb. Türkiyə səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Qələndər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyini deyib. Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış memorandum və sazişləri xatırladan müşavir nəzərdə tutulan bütün istiqamətlər üzrə birgə fəaliyyətin davam etdiyini deyib. Hakan Qələndər Qubadlı arıçılarının öz təsərrüfatlarını 30 illik fasilədən sonra doğma yaylaqlara köçürməsi münasibətilə təbrik edib.

Daha sonra tədbir iştirakçıları Qubadlı rayonundan olan arıçıların təsərrüfatlarına baş çəkib, arı ailələrinin köçə hazırlıq prosesini izləyiblər. Bu il Qubadlı rayonuna 38 arıçılıq təsərrüfatının köçürülmsəi nəzərdə tutulub. Ümumilikdə Qubadlı yaylaqlarına 2207 arı ailəsi köçürüləcək. Arı ailələri Qubadlı şəhər mərkəzinin ətrafında, Qazyan, Muradxanlı, Xanlıq, Mollu, Hal, Mahmudlu, Bəxtiyarlı, Tatar, Qaraçalı və Zilanlı kəndlərində yerləşdiriləcək. 

Regionların iqtisadi inkişafı ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı olduqca yüksəkdir. Ekspert bildirib ki, həmin ərazilərin ölkə iqtisadiyyatına verəcəyi ən böyük səmərə məhz kənd təsərrüfatı sahəsində olacaq:

 “Ona görə ki, işğaldan azad olunan Qarabağ regionun həm iqlim şəraiti, həm əlverişli coğrafi mövqedə yerləşməsi sarıdan, təbii rerursları baxımından, bol su ehtiyatlarının olması nöqteyi-nəzərindən potensialı çox böyükdür. Digər regionlarla müqayisədə olduqca yüksəkdir. 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan hökuməti bölgədə yenidənqurma və bərpa işlərinə başladı. Ötən müddət ərzində işlər yüksək səviyyədə həyata keçirilib və hazırda sürətlə davam etməkdədir. Keçən ilin dövlət büdcəsindən Qarabağın dirçəldilməsi üçün 2.2 milyard manat vəsait ayrılmışdı. Bu il də eyni məbləğdə vəsait ayrılıb ki, işlər fasiləsiz getsin. İşğaldan azad edilmiş bir neçə rayonda taxıl əkilib. Həmin ərazilərdə yetişdirilən taxıl yerli bazarın ödənilməsində mühüm rol oynayacaq. Ermənistan tərəfi Qarabağı işğalda saxlayanda taxıl tələbatının əsas hissəsini məhz bölgə hesabına təmin edirdi. Əlbəttə, Ermənistanın taxıl fondunun tələbatı ilə Azərbaycan arasında fərq çoxdur. Bununla belə işğaldan azad edilmiş ərazilərdə əkinçiliklə məşğul olsaq, daxili tələbatımızın ödənilməsi istiqamətində mühüm irəliləyiş əldə edərik”.

P.Heydərov vurğulayıb ki, Qarabağda ilk növbədə kənd təsərrüfatının inkişafı üçün zəruri addımların atılması, fermer təsərrüfatlarının yaradılması, aqrar-sənaye komplekslərinin təşkili prioritet sayılır:

 “Qarabağda infrastrukturun sürətli şəkildə qurulması, regionda münasib şəraitin yaradılması, kommunikasiyaların açılması və görülən digər işlər bölgənin ölkə iqtisadiyyatına inteqrasiya etməsi, töhfə verməsi məqsədi daşıyır. Hesab edirəm ki, yaxın perspektivdə Qarabağ və Şərqi Zəngəzur regionu Azərbaycanda kənd təsərrüfatı istehsalı sahəsində önəmli rol oynamağa başlayacaq. Bir daha vurğulayıram ki, regionun potensialı böyükdür. Hökumətin strategiyası özünü doğruldacaq”.