Şuşa dünyanın beyin mərkəzlərini bir araya gətirir

Beynəlxalq forumda 20-dən çox ölkənin 50-yə yaxın eksperti müzakirələr aparıb

Dünən Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq forumu keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edib. Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Hava limanı ilə tanış olduqdan sonra Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. Daha Sonra qonaqlar Zəfər yolu ilə Şuşaya səfər ediblər. Forum çərçivəsində Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol”, həmçinin postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirilib. Aprelin 29-da isə ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələr davam etdiriləcək. 

“Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”

ORSAM-ın direktoru, professor Əhməd Uysal deyib ki, belə bir konfransın təşkil edilməsi çox önəmlidir. Onun sözlərinə görə, Qarabağ zəfərindən 2 il sonra önəmli müzakirələr aparılır. Təəssüf ki, Ermənistanın çox güclü təbliğat maşını var. Bu, hər kəsə təsir edir: “Xüsusən, Qərbdə daha çox təsirlidir. Bu təbliğat maşınının dəstəkçiləri isə təkcə ermənilər deyil. Həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə davamlı olaraq qaralama kampaniyaları aparırlar. Guya, Azərbaycana səfər etmək olmaz, geridə qalmış bir ölkədir. Halbuki, belə deyil. Azərbaycan inkişaf etmiş, müasir və gözəl bir ölkədir. Tədbir iştirakçılarının bunları öz gözləri ilə görmələri çox önəmlidir. Çünki gedib orda danışacaqlar. Ən azından özləri bu barədə məlumatlı olacaqlar. İkinci məsələ işğaldan azad edilən ərazilərin mina problemidir. Hesab edirəm ki, bu məsələyə beynəlxalq müstəvidə lazımi diqqət edilmir. Müharibə bitsə də, insanlarımız həyatını itirir. Bu məsələyə maraq və diqqətin artırılması lazımdır. İstər maddi, istər texniki sahədə dəstək göstərilməlidir. Yük sadəcə Azərbaycanın üzərində qalmamalıdır. Dağıtmaq asandır, qurub yaratmaq isə çətin. Azərbaycan bu gün çətin işi üzərinə götürüb. Ermənistan isə dağıtmaq üçün addımlar atıb. Birlikdə bu problemi həll etməliyik”.

“Azərbaycan Qarabağda gələcəyə dair böyük layihələr həyata keçirir”

Roma Universitetinin professoru Salvador Santanqelo bildirib ki, Qarabağdakı yenidənqurma işləri post-münaqişə yenidənqurmasına dair əla nümunə olacaq. O, beynəlxalq ictimaiyyətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsinə yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb: “Mən ikinci dəfədir ki, Qarabağdayam. Düşünürəm ki, bu məkanın tarixi post-münaqişə yenidənqurmasına dair əla bir tarix olacaq. Azərbaycan burada sadəcə keçmişlə bağlı deyil, həm də gələcəyə dair böyük layihələr həyata keçirir. Ona görə də düşünürəm ki, bizim burada olmağımız, bu layihələri öyrənməyimiz, onlar haqqında danışmağımız vacibdir. Bu, sadəcə azərbaycanlılar üçün deyil, bütün Qafqaz üçün böyük bir xəyaldır. Minalanmış sahələr isə münaqişənin ən pis miraslarından biridir. Bu gün həmin ərazilərə də baxış keçirəcəyik. Biz hamımız ümid edirik ki, Azərbaycan beynəlxalq ictimaiyyətin də yardımı ilə bu böyük problemi həll edə biləcək”.

“Hər zaman Şuşaya gəlmək istəmişəm”

Avropa Siyasət Mərkəzinin (European Policy Center) baş analitiki Amanda Paul deyib ki, Şuşada olmaq onun üçün çox xoşdur, çünki hər zaman buraya gəlmək istəyib: “Müharibə bitdikdən sonra Azərbaycan tərəfindən hansı işlərin görüldüyünü müşahidə etmək üçün buraya gəlmək istəmişəm. Hər şey çox təsiredicidir. Yeni yolun (Zəfər Yolu) bu qədər qısa zamanda tikilməsi və digər bərpa işləri çox vacibdir. İndi ümid yaşadığı evlərdən didərgin düşmüş insanların qısa bir zamanda buraya qayıda bilməsinədir. Amma təbii ki, bu, tez bir zamanda ola bilməz, çünki hələ bərpa, yenidənqurma işləri gedir və ərazilər minalardan təmizlənir. Amma yenə də ümid edirəm ki, bir müddət sonra Azərbaycan vətəndaşlarının buraya böyük qayıdışı olacaq və onlar erməni əsilli vətəndaşlarla birgə yaşaya biləcək”.

İsveçli rejissor Şuşa barədə sənədli film hazırlayır

İsveçdən olan məşhur fotoqraf, sənədli filmlər üzrə rejissor Mikael Silkeberg Şuşa barədə sənədli film hazırlayır. Rejissor bildirib ki, filmin əsas xəttində Şuşanın simvolu olan Xarıbülbül dayanacaq. Onun sözlərinə görə, Şuşada çəkilişlər demək olar başa çatıb. Rejissor filmin bir hissəsinin çəkilişlərinin Bakıda aparılacağını da diqqətə çatdırıb: “Şuşada məni ən çox təsirləndirən məqamlardan biri də güllələnmiş heykəllər oldu”. Mikael Silkeberg əlavə edib ki, filmin Türkiyədə nümayişi də nəzərdə tutulub.

“Ermənilər Ağdamda hər yeri dağıdıblar”

MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi döyüşçülərin işləri üzrə komitə sədrinin müşaviri, Rusiyadan olan nümayəndə Yuri Kireev bildirib ki, ermənilər hər yeri dağıdıblar. Azərbaycanlıları öz torpaqlarından çıxarıblar, özləri isə dağıtmaqdan başqa heç nə etməyiblər. O, azad olunan torpaqlarda tezliklə hər şeyin bərpa olunacağına inandığını bildirib: “Əsas məsələ budur ki, bu müqəddəs torpaqlar artıq azaddır və tezliklə hər şey bərpa olunacaq. Mənim azərbaycanlılardan da, ermənilərdən də çoxlu dostlarım var. Ancaq deyə bilərəm ki, işğal zamanı bu torpaqlarda edilənlər haqsızlıqdır, düzgün deyil”.

“Şuşa həm də bizim mədəniyyət paytaxtımızdır”

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm vurğulayıb ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biridir: “Şuşanın və Qarabağın bizim qəlbimizdə xüsusi yeri var. Biz Şuşanı, Qarabağı həmişə araşdırmışıq, öz kitablarımızda bu barədə dərc etmişik. Xarici siyasətimizdə bu məsələdə aydın mövqe ortaya qoymuş, açıq şəkildə bəyan etmişik ki, Ermənistanı tanımırıq. Bu gün bura, Şuşaya gəlmək sanki öz evinə gəlmək kimi bir hissdir və çox şadam ki, həyatımda Şuşaya gəlmək kimi bir imkanım oldu. Şuşa gözəl şəhərdir”. O qeyd edib ki, Pakistan Azərbaycanın bu uğurunu bölüşür: “Biz Azərbaycan hökumətini və Azərbaycan xalqını həm bu uğura, həm də bu ərazilərin sürətlə tikilməsinə və bərpasına görə təbrik edirik. Bu gün Şuşaya çox keyfiyyətli yolla gəldik. Nəzərə alın ki, bu yol yalnız bir il ərzində çəkilib. Həmçinin mən hava limanını qeyd etmək istərdim. Məncə bu, Ginnesin Rekordlar kitabına daxil edilməlidir. Heç bir ölkə 7-8 ay ərzində belə yüksək səviyyədə standartlara uyğun hava limanı inşa etməyib. Mən Azərbaycan xalqına bir daha öz təbriklərimi çatdırıram. Bütün bunlar Azərbaycan xalqının səyləri ilə reallaşıb”.

“Azərbaycanın 5 maddəlik təklifi ilə razılaşma əldə edilə bilər”

Rumıniya baş nazirinin müşaviri Yuliyan Çifu bildirib ki, Azərbaycanın 5 maddəlik təklifi ilə razılaşma əldə edilə bilər: “Azərbaycan və Ermənistan arasında razılaşmanın Prezident İlham Əliyevin təqdim etdiyi prinsiplər əsasında əldə ediləcəyinə ümidvaram. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üçün əvvəlcə razılaşmanın əldə edilməsi önəmlidir. İkinci məqam isə texniki hissə olan sərhədlərin delimitasiyasıdır. Bu, çox vacibdir. Doğrusu, siz bunların hər ikisini də edə bilərsiniz. Amma ilk növbədə razılaşma olmalıdır. Əgər ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və hörmət prinsiplərini təsdiqləyən razılaşmanı reallaşdıra bilsəniz, düşünürəm ki, texniki hissə olan delimitasiya baş tuta bilər. Bunlar irəliyə doğru çox önəmli addımlardır. 

Amma mən tövsiyə edərdim ki, əvvəlcə məsələnin iqtisadi tərəfinə yönələsiniz. Çünki Ermənistanı iqtisadi baxımdan Azərbaycan və Türkiyə ilə inteqrasiya etdirə bilsəniz, Azərbaycanın böyük əlavə imkanları olacaq”. Yuliyan Çifu Azərbaycan ərazilərinin minalardan təmizlənməsi ilə bağlı problemlərin qaldığını, bu problemlərin həll ediləcəyinə ümidvar olduğunu qeyd edib.