Qarabağda qısa müddətdə böyük işlər görülüb

Çünki bərpa və yenidənqurma işləri birbaşa ölkə rəhbərliyinin nəzarəti altındadır

“Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə - Zəngilana, Füzuliyə, Cəbrayıla növbəti səfərlərini reallaşdırdılar”. Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov deyib. 

Deputat bildirib ki, səfər çərçivəsində cənab Prezident və birinci xanım bir sıra infrasturktur layihələrin, sosial obyektlərin tikintisi ilə tanış oldular, yeni obyektlərin təməlqoyma mərasimində iştirak edib: 

“Ölkə rəhbərliyi Zəngilanın baş planı ilə tanış olub. Bu kimi səfərlərin mütəmadi hal alması bir daha onu göstərir ki, həyata keçirilən bərpa və yenidənqurma işləri birbaşa ölkə rəhbərliyinin nəzarəti altındadır. Cənab Prezident səfərlər zamanı görülən işlərlə bağlı öz tapşırıqlarını verir. Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə görülən nəhəng yenidənqurma işləri Azərbaycanın güclü və qüdrətli dövlət olduğunu bir daha nümayiş etdirir. 

Qısa zamanda beynəlxalq hava limanlarının tikintisi, yüz kilometrlərlə yolların salınması, tunellərin inşası, elektrik enerji təchizatının qurulması üçün stansiyaların tikilməsi, tarixi-dini, mədəni abidələrin təmir-bərpası, şəhərciklərin salınması müstəsna əhəmiyyət kəsb edir.

 Bütün bunlar sadəcə ilyarımlıq zaman kəsiyində reallaşdırılıb. Dünyanın heç bir ölkəsində bunun bənzərinə rast gəlmək mümkün deyil. Görülən işlərin miqyası əsl torpaq sahiblərinin geri döndüyünün isbatıdır.

Əminliklə söyləyə bilərik ki, mümkün qədər qısa zamanda “Böyük Qayıdış” prosesinə start veriləcək. İnsanlar öz ata-baba yurdlarına geri dönəcəklər və firavan həyat sürəcəklər”.