"Quruculuq işləri 44 günlük müharibənin davamıdır"

Büdcəni artırmaqla dövlət başçısı “Qarabağa qayıdışı” sürətləndirir

"Belə şəraitdə Prezidentə çevik, şəffaf və məsuliyyətli hökumət gərəkdir ki, xalqla fasiləsiz işləsin"

     “Keçmiş sovet məkanında Rusiya-Ukrayna savaşı şəraitində ilin ortasında büdcə xərclərinin kəskin artımına gedən dövlət yoxdur”. Bu sözləri Milli Məclisin dünənki iclasında millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, indi dünyada “taxıl və silah” termini yanaşı işlənir: “Müharibə hazırkı templə davam etsə, nəinki silah və hərbi texnika, eləcə də qeyri-ərzaq xarakterli istənilən məhsulu verib, öz xalqının çörəyə ehtiyacını ödəməyə çalışan dövlətləri görəcəyik. Hətta İsveç, Finlandiya kimi neytral ölkələr tarixi seçim qarşısındadır. 

Ona görə də dövlət başçısının qərarının təkcə iqtisadi deyil, daha çox hərbi-siyasi və təhlükəsizlik xarakteri daşıdığına şübhə yoxdur. Son 30 ildə ölkəmizin bütün həyatından qopmuş Qarabağ torpaqlarını təkcə ordu və silahla deyil, həm də inşaat və quruculuq, infrastruktur və nəqliyyat tədbirləri ilə yenidən xalqa qazandırmaq gərəkdir. Büdcəyə edilən yeni artım Zəngəzur yolunun açılması üçün Prezident planının gücləndirilməsinə xidmət edir. Biz indi nəinki sərhədlərin açılması, eləcə də 42 km-lik Qərbi Zəngəzur yolunu da tikməyə hazır olmalıyıq. Subyektiv olaraq irəli sürdüyümüz bu mövqe dövlət başçısının hökumətə, iş adamlarına, vətəndaşlara və xarici kompaniyalara çağırışından irəli gəlir. 

Əgər hər hansı əcnəbi şirkət gəlib Şərqi Zəngəzurda çalışırsa, onda milli şirkətlərimiz də gedib Qərbi Zəngəzur yolunu qısa müddətdə tikə, tarixi yolu bərpa edə bilərlər. Beləliklə, 2.4 milyard manatlıq ayırmaların yönəldiyi sahələr Ermənistanın sülh istəməyən dairələrinə təzyiqi gücləndirəcək. Çünki quruculuq tədbirləri 44 günlük müharibənin davamıdır. Beləliklə, büdcəni artırmaqla dövlət başçısı “Qarabağa qayıdışı” sürətləndirir. Son 20 ay ərzində işğaldan azad edilmiş torpaqlara 23 səfərin reallaşması Qarabağın quruculuğunun Prezidentin hədəfində 1-ci yerdə olduğunu göstərir. Büdcə qərarı təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, eləcə də dünyadakı iqtisadi-siyasi və ərzaq sanksiyalarının gücləndiyi bir dövrdə ölkəmizdə sosial tarazlığı qoruyub saxlamaq və münbit yeni əkin-biçin sahələri yaratmaq məqsədi daşıyır”.

     Z.Oruc vurğulayıb ki, son bir neçə ayda ölkəmizə qaz ixracı xahişi ilə edilən səfərlərin və müraciətlərin sayı kəskin artıb:

 “Göründüyü kimi, son bir əsrdə qlobal savaşlar zamanı ilk dəfədir ki, biz ayaqlar altında qalmırıq. Yanlış siyasət hesabına xarici işğallar və istismar yaşamırıq. Torpaq, insan və sərvət itkisi vermirik. Əksinə, siyasi əhəmiyyətimiz artır və bir vaxtlar Qafqazlarda savaş çıxaranlardan ovaxtkı haqqımızı geri alırıq. Bizim hazırkı neft-qaz gəlirlərinin artması yalnız buruqların və xarici müharibələrin hesabına deyil, prezidentin diplomatik-siyasi məharətinin faydalarıdır. 

Ona görə də əldə olunan milyardları yüz il əvvəl Azərbaycandan qoparılan sərvətlərin əvəzi, tarixi ədalətin bərpası adlandırmaq olar. 

Ölkəmiz İran, Rusiya, Gürcüstan, Ermənistandan fərqli olaraq, regionda sanksiyalara və izolyasiyaya məruz qalmayan yeganə ölkədir. Belə şəraitdə Prezidentə çevik, şəffaf və məsuliyyətli hökumət gərəkdir ki, xalqla fasiləsiz işləsin. Millətin Qələbəsini qorumaqla daimi birliyi saxlasın, rəhbərin qərarlarını dəqiq və ünvanlı yerinə yetirsin! 

Büdcə gəlir və xərclərinin artması həm də hökumətin xalqa qıtlıq və ərzaq böhranının baş verməyəcəyinə dair zəmanəti kimi qəbul edilə bilər”.