Qarabağa qayıdış başladı

Artıq Zəngilan sakinlərinin bir qrupu öz yurdlarına, Ağalı kəndinə döndülər

Akif Nağı: "Onlar baharın ilk qaranquşları kimidir. Hamımız onların sevincinə şərik oluruq"

Əlisahib Hüseynov: "Mən bu yaxınlarda o kənddə oldum və orada görülən işlərlə gerçəkdən də qürur duydum"

  19 iyul 2022-ci il Azərbaycan tarixində önəmli günlərdən biri kimi qalacaq. Çünki işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesinə məhz həmin gündə start verildi. Otuz ilə yaxın doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimiz sevinc göz yaşları, eyni zamanda qürurlu hisslərlə öz yurdlarına geri döndülər. Tarixi köç Zəngilan rayonunun Ağalı kəndinə 10 ailənin köçürülməsi ilə başlandı. On ailənin üzvləri Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. 

Ağalı sakinlərini yolasalma tədbirindən sonra jurnalistlərin suallarını cavablandıran Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bütün köç prosesinin dövlətimizin başçısının birbaşa nəzarəti altında olduğunu bildirdi. Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğuladı. Onun sözlərinə görə, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək. Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə, İkinci Ağalıda 60 ailə, Üçüncü Ağalıda isə 161 ailə yaşayıb. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb.   Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. 

  Tarixi köçün başlaması ilə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, 30 illik torpaq həsrətindən sonra sakinlərin yenidən öz yurdlarına geri dönüşünü sözlə ifadə etmək çətindir. QAT rəhbərinin sözlərinə görə, böyük əksəriyyət işğal altında olan torpaqlarımızın azadlığını xəyal kimi görürdü: 

“Şükür Allaha, torpaqlarımız işğaldan azad edildi, Böyük Qələbə xalqımıza, dövlətimizə nəsib oldu. Amma yenə də Böyük Qayıdış prosesinin tezliklə başlaması istiqamətində cəmiyyətdə müəyyən narahatlıq var idi. Bəziləri prosesin illərlə uzanacağını iddia edirdilər. Lakin köç başladı və artıq Zəngilan sakinlərinin bir qrupu öz yurdlarına, Ağalı kəndinə döndülər. Hamı çox yaxşı bilir ki, qayıdış ağır və çətin prosesdir. Əvvəlcə əsas infrastruktur qurulmalı, vətəndaşların normal yaşayışının təmin olunması üçün mövcud şərtlər təmin edilməlidir. Qısa zamanda paralel işlər görülməklə Zəngilan rayonunun Ağalı kəndləri yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bunun özü dövlətimizin gücünü, imkanlarını göstərir. Zəngilanda çox gözəl evlər inşa olunub. Azərbaycan Qarabağdakı quruculuq işlərini heç kimdən kömək, maddi dəstək almadan özü, təkbaşına həyata keçirir. Qarabağa ilk köçənləri təbrik edirəm, onlar tarixi anın ən şanslı iştirakçılarına çevrildilər. Onlar baharın ilk qaranquşları kimidir. Hamımız onların sevincinə şərik oluruq. İnşallah, köç prosesinin davamı da gələcək. Yaxın aylarda proses daha genişmiqyaslı olacaq”. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da “Şərq”ə bildirib ki, hamının, zəngilanlıların isə hamıdan daha çox gözlədiyi o möhtəşəm gün gəldi. Partiya rəhbəri qeyd edib ki, uzun illərin həsrətindən, gözləntisindən sonra Şərqi Zəngəzura Böyük Qayıdışın ilk mərhələsinin şahidi olduq: 

“44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz kimi qayıdışın başlanması da olduqca mühüm tarixi hadisədir. Hamımızda qürur hissi doğuran bu möhtəşəm hadisəyə sevinməmək mümkün deyil. Sevincli anları öz canları, qanları bahasına bizə yaşadan şəhidlərimizə, qazilərimizə hər zaman minnətdar olacağıq. 30 ilin məşəqqətlərindən sonra bu gün soydaşlarımızın yurd həsrətinə son qoyulması həm siyasi, həm də mənəvi-psixoloji baxımdan olduqca əhəmiyyətli hadisədir. 44 günlük müharibə bitəndən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü və daimi nəzarəti ilə həm Qarabağda, həm də Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və quruculuq işlərinə start verilməsinin ilkin nəticələri artıq özünü göstərməkdədir. Yollar çəkilir, hava limanları tikilir, məktəblər və xəstəxanalar bərpa edilir. Bir sözlə, bu saat Qarabağ və Şərqi Zəngəzur əsrin nəhəng tikinti meydançasını xatırladır”. 
  Ə.Hüseynov bildirib ki, məcburi köçkünlük həyatına son qoyulan soydaşlarımızın qayıdışı üçün də layihələr həyata keçirilir: “Bu istiqamətdə ilk olaraq Zəngilanın Ağalı kəndində bərpa olundu. Mən bu yaxınlarda o kənddə oldum və orada görülən işlərlə gerçəkdən də qürur duydum. Bu kənd bütünlüklə “Ağıllı kənd” konsepsiyası əsasında qurulub və bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Bu gün bu istiqamətdə ilk addım atıldı, 58 nəfərdən ibarət 10 ailənin Ağalı kəndinə köçürülməsinə start verildi. 
  Mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm, zəngilanlı bacı və qardaşlarımızı təbrik edirəm, Ağalıya ilk köçən insanlarımızı təbrik edirəm. Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə də təşəkkür edirəm. Çünki məhz onun qətiyyəti və iradəsi nəticəsində Vətən müharibəsindəki qələbəmizdən sonra əzəli və əbədi torpaqlarımıza qayıdış hədəfimiz gerçəkləşməyə  başlayır. İnşallah işğaldan azad olunan ərazilərin hər yerində bu cür qayıdış sevincinin şahidi olacağıq”.