Tarixi günlər yaşayırıq

Yurda köç Zəngəzur rayonunun Ağalı kəndindən başladı

Elməddin Muradlı: "İnşallah, yaxın zamanda bizim ailəmiz də bu prosesin iştirakçısı olacaq"

  İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağı deyilib. Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək. 

Qeyd edək ki, ilkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. 

Ağalıya köçürülən ilk sakinlər arasında mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Doğma yurda qayıtmağın sevincini bölüşən Ağalı kənd sakini Qədir Məmmədov doğma yurda qayıtdıqları üçün çox gözəl hisslər yaşadıqlarını bildirib. Qeyd edib ki, bu hissləri ancaq onların yerində olanlar anlayar: “30 ilə yaxın müddətdə elimizdən, obamızdan ayrı düşdük. Bu anları yaşamaq olduqca ağır idi. 

Buna baxmayaraq, tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etdi. O, Vətən müharibəsində qazanılan Zəfərin məcburi köçkünlər üçün bir ümid olduğunu diqqətə çatdırıb: “Biz də həmin ümidli insanlardan biri idik. Biz xoşbəxt insanlarıq”. İşğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən davamlı infrastruktur layihələrinin uğurla həyata keçirdiyini xatırladan Q.Məmmədov digər məcburi köçkünlərin də tezliklə öz yurdlarına qayıdacaqlarına inamını ifadə edib. Deyib ki, bu anlar qürur tariximizin ən yaddaqalan hadisələrindəndir. Böyük Qayıdışın ilk iştirakçıları olmaqdan qürur duyduğunu bildirən Ağalı kənd sakini Möhtubbət Səmədov deyib ki, hazırda sevincimizin həddi-hüdudu yoxdur: “Kənd camaatı ilə birlikdə doğma yurdumuza qayıtmışıq. Bu qayıdışın ardı gələcək, bütün məcburi köçkünlərimizin torpaq həsrəti sona yetəcək. Kənddə yaradılan şəraitdən razıyıq. Otuz il idi sanki yaşamırdım. Bu gündən həyatımı yenidən yaşamağa başlamışam. Bu sevinci bizə yaşadanlara - Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”. Digər sakin Vəliyəddin Paşayev də bildirib ki, kəndi tərk edəndə 32 yaşı var idi: “Uzun illər idi torpaqlarımızın azad olunmasını gözləyirdim.

 Şükür Allaha, 2020-ci ilin payızında 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Əhd etmişdim ki, torpaqlarımız alınanda bərpa işlərində mən də iştirak edəcəyəm. Əhdimə sadiq qaldım. Bir il üç aydır ki, Ağalıda işləyirəm. Buranı ilk dəfə görəndə dəhşətə gəldim. Erməni vandalları kəndimizi xarabalığa çevirmişdilər. İndi isə Ağalı kəndi gülüstana çevrilib”. Ağalı kənd sakini Minə Mirzəyeva da ağalılılar üçün əlamətdar gün olduğunu deyib: “Biz bu gün öz doğma yurd-yuvamıza qovuşduq. Neçə ildir doğma rayonumuzun, kəndimizin həsrətini çəkir, ürəyimizin hər döyüntüsündə uzaqlığın ağrısını hiss edirdik. Ağalı kəndinin sakinləri çox şanslıdırlar. Çünki ilk olaraq onların nisgilinə son qoyuldu”. Kənd sakini Ağalıya qayıtdığı üçün hiss etdiklərini ifadə etməyə söz tapa bilmədiyini deyib. Bu xoşbəxtliyi onlara yaşadan şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib.

  Zəngilanlı jurnalist, “Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı iyulun 19-da çox duyğulu və qürurlu anlar yaşadğını, çox sevindiyini deyib. O, Böyük Qayıdış prosesinə start verilməsini mühüm hadisə adlandırıb: 

“Torpaqlarımız uğrunda canından keçən igid oğlanların, şəhidlərin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm. Onların hər birinə təşəkkür borcumuz var. Tarixi günlər yaşayırıq.

  Mənim üçün çox xoş oldu ki, köç prosesi doğulduğum və 12 il yaşadığım Zəngilan rayonundan başladı. Özü də bizə qonşu olan Ağalı kəndindən. Bu da ayrıca qürurverici mənzərə idi. Böyük ümidlə gözləyirik ki, növbəti mərhələdə proses məhz bizim kəndləri də əhatə edəcək. Qayıdış prosesinin bizə də gəlib çatacağı günü gözləyirik. İnşallah, yaxın zamanda bizim ailəmiz də bu prosesin iştirakçısı olacaq. Buna çoxdan razılığımızı vermişik. O günü səbirsizliklə gözləyirik”. 

  E.Muradlı vurğulayıb ki, heç kim narahat olmasın, Böyük Qayıdış siyasəti cənab Prezidentin birbaşa nəzarəti altında həyata keçirilir:

 “Ötən il Zəngilanda cənab Prezidentlə görüşümüz zamanı bir daha əmin oldum ki, dövlət başçısının bütün tapşırıqları tez zamanda icra olunacaq. Atılan addımlar da bunu sübut edir. Əminəm ki, işğaldan azad edilmiş ərazilərimizə köç prosesi sürətlə gedəcək və tezliklə başa çatacaq. İnsanlarımız öz doğma yurd-yuvalarına qayıdacaq. Torpaqlarımız düşmən işğalından azad edilib. Sadəcə olaraq səbrli, təmkinli olmaq lazımdır. Zəngilan rayonunda gedən abadlıq, quruculuq-bərpa işləri göz önündədir. Cənab Prezidentin tapşırığı ilə rayon mərkəzində məscid tikilir. Köhnə məscid ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Yeni məscid onun yanında inşa edilir. Dağıdılmış məbədi isə erməni vandalizminin nümunəsi kimi o şəkildə saxlayıblar”.