"Qarabağa aparılan diplomatlar xeyrimizə heç nə etməyəcəklər"



Daha çox Azərbaycana müxtəlif ölkələrdən gələn turistlərin sayını artırmaq lazımdır

"Milyonlarla turist könüllü lobbiçilik fəaliyyətinin ən yaxşı icraçılarıdır. Onlar geri qayıdarkən öz ailələrinə, yaxınlarına gördüklərini danışacaqlar"

  “Latviya-Azərbaycan” kültür assosiasiyasının rəhbəri, Latviya Respublikasının vətəndaşı Faiq Səfərov növbəti dəfə “Şərq”in qonağı olub. Azərbaycana hər səfərində redaksiyamıza baş çəkməyi ənənə halına çevirən Faiq Səfərov qəzetimizə müsahibəsində ötən müddət ərzində görülən işlərdən və diaspora sahəsində həyata keçirilməli olan tədbirdən danışıb. F.Səfərov vurğulayıb ki, lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi və genişləndirilməsi olduqca vacibdir. Diaspora təşkilatının rəhbəri bu sahədə kifayət qədər boşluqların və problemlərin olduğu qənaətindədir. Məlumat üçün deyək ki, “Latviya-Azərbaycan” kültür assosiasiyası 1988-ci il martın 21-də yaradılıb.

 - Faiq müəllim, Azərbaycana nə vaxt gəlmisiniz? Nə qədər müddət burada qalacaqsınız? 
 - 2 aydır Azərbaycandayam, hardasa 20-25 gündən sonra, tarixi Vətənimdən, etnik Vətənə qayıdacam. 90 günlük viza almışam. Əvvəlcə onu deyim ki, hər dəfə Azərbaycana, Bakıya gələndə həddindən artıq sevinirəm, qürur duyuram. Çünki Bakı çox gözəl şəhərdir. Gələn gündən paytaxtda gəzirəm, görülən yeni işlərlə tanış oluram, parklarda yaşlı adamlarla söhbətləşirəm. Demək olar görüşdüyüm, söhbət etdiyim əksər insanı diaspora, lobbiçilik haqqında bir məqam narahat edir. Hamı deyir ki, niyə erməni lobbiçiliyi bizdən yaxşı işləyir, yalan səslərini hay-küylə dünyanın hər yerinə çatdırırlar. Əfsuslar ki, bizdə təbliğat işi çox zəifdir, dağınıqdır. Bu ilin aprel ayında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Latviyada rəsmi səfərdə idi. Spiker, Riqada parlamentdə, Prezident Aparatında, Nazirlər Kabinetində mühüm görüşlər keçirtdi. Hər üç görüşə məni də dəvət etmişdilər, mən də iştirak edirdim. Pandemiya səbəbindən görüşlərə çox az adam dəvət almışdı. Latviya Seyminin sədri İnara Murnietse ilə yaxın əlaqələrim var. Onunla yaxınlığımdan istifadə edərək, görüş zamanı “Sahibə xanım, bizim Latviyaya xoş gəlmisiniz” dedim. Düzdür, bu yanaşma rəsmi protokoldan kənar olsa da, mənə orada irad bildirilmədi. Onu demək istəyirəm ki, məni belə görüşlərin əksəriyyətinə şəxsən dəvət edirlər. Bu da orada apardığımız düzgün lobbiçilik təbliğatının nəticəsidir. 30 ildən artıqdır Latviya parlamentinin iclaslarında iştirak edirəm. Cənubi Qafqaz xalqlarından sadəcə bizi çağırırlar. Nə gürcülərin, nə də ermənilərin nümayəndəsi iclaslara qatıla bilmir. Latviya Respublikasının Müdafiə naziri Artis Pabriks də Bakıda səfərdə olub. XİN-dən deyirdilər ki, səfirimiz Elnur Sultanov Latviyada yaxşı işləyir. Dedim ki, düzdür, səfir iş görür, amma Artis Pabriks məsələsi Faiq Səfərovla bağlıdır. Nazir Artis Pabrikslə 20 ilə yaxındır tanışlığımız var. Məhz təbliğatın nəticəsidir ki, Latviyanın müdafiə naziri regionda digər ölkələrə yox, sadəcə Azərbaycana səfər etdi. 
 - Niyə sizin təkbaşına həyata keçirdiyiniz işləri digər diaspora təşkilatları görə bilmirlər? 
 - Diaspora fəaliyyətini hansısa qərarlarla, strukturlarla formalaşdırmaq, inkişaf etdirmək olmaz. Diaspora, lobbiçilik daha çox insanın içində olmalıdır. Yəni bu işi insanlarımız özü, könüllü şəkildə icra etməlidirlər, hansısa sərəncamın, qanunların gücü hesabına deyil. Yəhudilər sinaqoq ətrafında cəmləşiblər, onları bir araya gətirən hadisə faşistlərin törətdikləri soyqırımlar (holokost) olub. Ermənilər isə özlərinə saxta, uydurma “soyqırım” düzəldiblər, onun əsasında təşkilatlanıblar. Halbuki, tarix boyu ən böyük soyqırımlara məruz qalan azərbaycanlılar olub. Özü də bizlərə qarşı soyqırım həyata keçirənlər ermənilər idi. Amma bu həqiqətləri hələ də dünya ictimaiyyətinin diqqətinə çatdıra bilməmişik. Hansısa ölkədə minlərlə azərbaycanlının yaşaması lobbiçilik demək deyil. Həmvətənlərimizi bu prosesə cəlb etmək, təşkilatlandırmaq lazımdır. Çox az insan könüllü olaraq diaspora işi ilə məşğul olur. 
 - Diaspora fəaliyyətinin genişmiqyaslı olmamasının, görülən işlərin effektsizliyinin səbəbləri nədir?  
 - Səbəbi odur ki, lobbiçilik işini, təbliğatı aparanlar peşəkar deyillər, bu işin mütəxəssisi deyillər. Birincisi, sərhədlərimiz bağlıdır, turistlər ölkəyə gələ bilmir. Ölkəyə turistlərin gəlməsi çox-çox önəmlidir. Həm iqtisadi baxımdan faydalıdır, həm də təbliğat cəhətdən vacibdir. Əfsuslar olsun ki, Avropadan Azərbaycana səfərlər az təşkil olunur. Mən Latviya vətəndaşı kimi Gürcüstana vizasız sərbəst gəlib-gedə bilərəm. Riqadan Tbilisiyə hər həftə 8, Batuma 4 təyyarə reysləri var. Türkiyəyə, İstanbula isə gün ərzində 4-5 reys təşkil olunur. Amma Azərbaycan Latviya üçün sanki “bağlı ölkədir”. Düzdür, Azərbaycan haqqında məlumatlar, xüsusən 1990-cı ildən bu yana baş vermiş olaylar, qanlı 20 Yanvar, Xocalı soyqırımı, erməni işğalı, Qarabağda törədilmiş vəhşilik, barbarlıq və s. olaylar televiziya və digər mətbuat orqanları vasitəsi ilə, Avropa cəmiyyətlərində təqdim olunur. Amma latviyalı sadə vətəndaş, hansısa efirdə, yaxud qəzetdə getmiş bir materiala niyə inansın? Daha yaxşı olar ki, həqiqətləri öz gözləri ilə görsün. Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda törədilən vandalizmin şahidi olsun. 

  - Mütəmadi olaraq Qarabağa diplomatik korpusların, səfirlik nümayəndələrinin səfəri təşkil olunur. Bunlar effektli deyilmi? 
 - Qarabağa aparılan diplomatlar bizim xeyrimizə heç nə etməyəcəklər. 200-300 əcnəbinin protokol qaydasına uyğun bölgəyə səfərinin təşkil edilməsi formal prosedurdur və nəticəsizdir. Diplomatik nümayəndələrdən daha çox Azərbaycana müxtəlif ölkələrdən gələn turistlərin sayını artırmaq lazımdır. 2018-ci ildə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə Qəbələdə görüşmüşdüm. O zaman da nazirə demişdim ki, Azərbaycanda turizm texnologiyası yoxdur. Əhalisi 1 milyon 800 min olan kiçik Latviyada hər il 7-8 milyon turist gəlir. Amma Bakıya maksimum 2 milyon turist gəlib-gedir. Halbuki, hər il Bakıda 40-50 milyon turist axını ola bilər.   
- Turistlərin Azərbaycana daha az gəlməsinin yeganə səbəbi sərhədlərin bağlı olmasıdır, yoxsa başqa səbəblər də var? 
 - Mühüm səbəblərdən biri sərhədlərin bağlı olmasıdır. Pandemiya bütün dünyada var. Amma əksər ölkə sərhədlərini açıb, məhdudiyyətləri aradan qaldırıb. Biz də qonşu Gürcüstan kimi sərhədlərimizi tam açmalıyıq. Digər önəmi məsələlərdən biri də viza tətbiqi ilə bağlıdır. Viza məsələsi də həllini tapmalıdır. Niyə mən ABŞ-a, Türkiyəyə, Gürcüstana, hətta İrəvana belə vizasız gedə bilərəm, amma öz Vətənimə vizasız gələ bilmirəm?! Sərhədləri qapalı saxlamaqla özümüzə ziyan vururuq. Deyirlər, quru yolu bağlıdır, hava yolu açıqdır. Axı hər turist təyyarə ilə səyahət etmir. Minlərlə turist bir çox ölkəni gəzir, quru sərhədlərlə gedib-gəlirlər. Avropa ölkələri ilə vizasız gediş-gəlişi təmin etməliyik. 
 - Yəni sadə turistlərin gəliş-gedişi lobbiçilik fəaliyyəti üçün daha faydalıdır? 
 - Bəli, əlbəttə. Milyonlarla turist könüllü lobbiçilik fəaliyyətinin ən yaxşı icraçılarıdır. Onlar geri qayıdarkən öz ailələrinə, yaxınlarına gördüklərini danışacaqlar. Onlardan eşidənlər də başqasına danışacaq. Turistlər Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi, mətbəximizi, Qarabağı anladacaqlar. Əgər Azərbaycana giriş vizası ləğv edilərsə, ölkədə turizm industriyası yaradılacaq. Avropa ölkələri ilə əlaqələrimizi mütləq gücləndirməliyik. Dünyanın bütün ölkələrində “lobbiçilik” hərəkatı yaratmalıyıq. Bu texnologiya Riqada, “Latviya-Azərbaycan” kültur assosiasiyasında yaradılıb və 34 ildir ki, fəaliyyətdədir.
 - Lobbiçilikdə başqa uğurlu təbliğat vasitələri nələrdir? 
- Uğurlu təbliğat vasitələrindən biri, bəlkə də birincisi filmlər, audio-video materiallar, vizual görüntülərdir. Nəşr olunan kitablar da müəyyən rol oynayır. Axı bizim dövlətimizin, xalqımızın tarixi, mədəniyyəti çox zəngindir. Bunları dünya xalqları da bilməli, öyrənməlidir. Biz onlara çatdırmalıyıq. Bir məqamı qeyd edim. Moskvada yaşayan, görkəmli azərbaycanlı biznesmen Araz Ağalarov, Nabranda “Sibruz” adlı Avropa səviyyəli əyləncə zonasını yaradıb. Bu, əsl lobbiçilik və vətənpərvərlikdır. İndi Azərbaycana gələn xarici turistlər belə deyirlər: “Azərbaycanda 9 yox, 10 iqlim tipi var, onuncu isə “Sibruz” əyləncə mərkəzidir. Bu da lobbiçiliyə xidmətdir. Ümumiyyətlə, hər bir ölkənin imicini, reytinqini müəyyən edən amillər var. Onlar - ölkəni iqtisadi gücü, güclü ordusu, təbii sərvətləri, Oskar film mükafatları, Nobel mükafatı laureatlarının sayı və milli mətbəxidir. Azərbaycan və Latviya hökumətinə indiyədək 300-dən çox ideya təklif etmişik. 60-a yaxın yeni texnologiyamız inkişaf mərhələsindədir. 

 - 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana baxış dəyişibmi? 
 - Çox fərq var. Latviyanın dövlət televiziyası olan “LTV-1” kanalı 44 günlük müharibəni və Zəfərimizi dünyada olan hadisələrin zirvəsi adlandırmışdı. Prezident İlham Əliyevin düşməndən azad edilmiş Qarabağ torpaqlarına səfərlərini yayımlamışdı. “LTV-1” dünya birliyinin diqqətini Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı 44 günlük müharibədə qazandığı qələbəyə yönəltmişdi. Bəyan etmişdi ki, “Qarabağ Azərbaycandır! Azərbaycan Prezidenti İlham Əliyev müzəffər Prezidentdir! Bu, Azərbaycanın lehinə, güclü propaqanda idi. Riqada ən güclü Azərbaycan lobbisini yaratmışıq və digər millətlər bizim təcrübəmizi öyrənirlər. “Azəri” Azərbaycan Milli Hərəkatını yaratmışıq. Bu, Latviyada, Avropada və dünyada ilk ideya idi. “Azəri” Milli Hərəkatının yaranma tarixi 1966-cı il iyunun 1-i hesab olunur. Hazırda “Azəri” dünya azərbaycanlıları arasında ən populyar brenddir. Hətta “SOCAR”dan daha çox tanınan brenddir.