“Ermənilərə verilən yol yalnız Azərbaycanın tabeliyində olacaq”


“Ermənilər isə sadəcə bu yoldan istifadə edəcəklər. Buna alternativ olaraq, Zəngəzur dəhlizi Azərbaycana verilir”

“Naçayev bu sözü yalnız öz hakimiyyətinə və erməni rəhbərliyinə eyham etsin”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. 

Avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1,3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Bu gün həmçinin Rusiya XİN Laçın rayonu ilə bağlı açıqlama verib. İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə Laçın dəhlizi məsələsinin üçtərəfli bəyanatlara uyğun olaraq həll edilməli olduğunu deyib. O, bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 20211-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq həll edilməli olduğunu təsdiqləyib.

“Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndi əsasında həll edilməli olan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətə də aiddir. Buna əsasən tərəflərin razılığı ilə yaxın üç il ərzində Qarabağ və Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni marşrut xəttinin tikintisi, sonradan bu marşrutun qorunması üçün Rusiya sülhməramlı kontingentinin yenidən yerləşdirilməsi planı müəyyən ediləcək”, - deyə diplomat bildirib.

Rusiya XİN-in açıqlamasına münasibət bildirən politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, öncəliklə həmin yol dəhliz adlandırılmamalıdır:

“Bu, yanlış termindir və Azərbaycan maraqlarına cavab vermir. Biz ermənilərə yalnız yol vermişik. Dəhliz o deməkdir ki, artıq orada Azərbaycanın nəzərati yoxdur və həmin ərazini ermənilər idarə edəcək.  Lakin ermənilərə verilən yol yalnız Azərbaycanın tabeliyində olacaq. 

Ermənilər isə sadəcə bu yoldan istifadə edəcəklər. Buna alternativ olaraq, Zəngəzur dəhlizi Azərbaycana verilir. Azərbaycan da bunu tələb edir. Bu yaxınlarda xarici işlər naziri də bildirdi ki, ermənilər istəsə də, istəməsə də, biz o dəhlizi açacağıq. Ondan öncə dövlət başçısı da bu məsələyə toxunmuşdu”.

Politoloq hesab edir ki, bu yolun üç il uzadılmasında günahkar erməni və rus tərəfidir:

“İndiyə qədər ermənilər Laçını tərk etməyiblər. Dəhliz dedikləri yoldan çıxamayıblar. Burada bütün məsuliyyət 10 Noyabr bəyanatına əməl etməyən rus və ermənilərin üzərinə düşür. İ.Naçayev bu sözü yalnız öz hakimiyyətinə və erməni rəhbərliyinə eyham etsin. 

Bu məqamda biz əksinə olaraq qarşı tərəfə 10 Noyabr razılaşmasına tam şəkildə əməl etməyib, pozduğuna etirazımızı bildirməliyik.

 Bu da Azərbaycanın əlinə həm bu bəyanatdan çıxması, həm də Xankəndi ətrafında hüquqi siyasətini tətbiq etmək üçün faktlar və səbəblər verir”.