Prezident bu gün də vurğuladı:“Təxribatlar davam edərsə, analoji antiterror...”

Prezident İlham Əliyev bu gün Basqal qəsəbəsində jurnalistlərin suallarını cavablayarkən “Qisas” antiterror əməliyyatından bəhs edib. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır:
“Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov  aparılan antiterror əməliyyatı haqqında “Sherg.az”a  danışıb. O, qeyd edib ki, Ermənistan tərəfi 10 Noyabr bəyanatının müddəalarına tam olaraq əməl etmir:

“Bu bəyanatın 3-cü tərəfi olan Rusiya bununla bağlı Ermənistana ciddi təzyiq göstərmir. Nəticədə Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri pozmaqla məşğul olur. 

“Qisas” əməliyyatına qədər Ermənistanın dəfələrlə cəbhədəki vəziyyəti gərginləşdirməyə cəhd etdiyini hər birimiz bilirik. Hətta bir hərbi qulluqçumuz da bu səbəbdən şəhid oldu. 

Məhz bundan sonra Azərbaycan “Qisas” əməliyyatını həyata keçirdi. Düşmən bir daha layiq olduğu cavabı aldı. Prezident dəfələrlə vurğulayıb ki, Ermənistan imzaladığı bəyanatın şərtlərinə əməl etməlidir.
Bu bəyanatda Azərbaycan qalib tərəf kimi bəzi şərtlər diqtə edib.

 Həmin şərtlər də regionun böyük gücləri  olan  Türkiyə və Rusiya tərəfindən dəstəklənib.  Ümumilikdə, Azərbaycan,  bəlkə də, yeganə ölkədir ki, işğala məruz qalan torpaqlarını özünün gücü ilə azad etsə də, regionda gərginliyi istəmir, sülhün mümkünlüyündən danışır. 

Tükiyə - Ermənistan münasibətlərini normallaşdırması siyasəti də, Azərbaycan tərəfi ilə razılaşdırılaraq həyata keçirilib. Amma Ermənistanı qızışdıran xarici havadarları var. Xüsusilə, xaricdəki erməni lobbisinin təsir etdiyi müxtəlif imperialist siyasətçilər bu ölkəni qızışdıraraq təxribatlar törətməsinə səbəb yaradır. 

Amma bir daha qeyd edirəm ki, zorla da olsa, Azərbaycan öz tələb etdiyi şərtlərin 100 faiz yerinə yetirilməsinə nail olacaq. Cənab Prezident də bu gün vurğuladı ki, provokasiyalar davam edərsə, analoji antiterror  əməliyyatları həyata keçəcək”.