“30 ildir Xankəndi adı çəkiləndə ürəyim titrəyir” - Həvva Məmmədova da yaşadığı ünvandan danışdı 

“Müəllim kimi, mən də kooperativ mənzil aldım, təmir etrdirdiyim mənzilə köçüb yaşaya bilmədim”

“Əminliklə deyə bilərəm ki, 1979-cu ildəki siyahıyaalınmaya əsasən Xankəndidə yaşayan azərbaycanlıların sayı ermənilərdən qat-qat artıq idi”


“Xankəndidə hazırda yaşayan erməni əhali seçim qarşısındadır. Onların əksəriyyəti Azərbaycan bayrağı altında, firavan yaşamaq istəyir. Qeyri-müəyyən vəziyyətin bitməsini istəyirlər”

Şuşa-Laçın yolunda ekoloqların, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti üzvlərinin keçirdiyi dinc aksiya iştirakçılarından birinin əlində tutduğu plakat çoxlarının diqqətini cəlb edib. Aksiya iştirakçılarından Tahirə Məmmədova hadisə yerində çəkilən fotonu sosial şəbəkədə paylaşaraq bunları yazıb: “bu xanım Xankəndi sakinidi, həkimdi, aksiyada 3 gün geçə-gündüz yatmayaraq insanların sağlamlığının keşiyində durub. Bunun canlı şahidiyəm. Xoş xasiyyətli, vətənpərvər xanımdı. Xankəndindən ürək ağrısı ilə danışır, öz şəhərinə, evinə qayıtmaqdı arzusu. Onun ürək ağrısını başa düşürük.  Xankəndidə yaşamış hər bir azərbaycanlıya müraçiət edirəm.  Aytən xanım kimi aksiyaya qoşulun, öz hüququnuzu,  evinizdə - Xankəndidə yaşamaq haqqınızı tələb edin”. Qeyd edək ki, Aytən xanımın əlində tutduğu plakatda “Lesnaya küçəsi 12” yazılıb. Bununla xanım 30 ildir tapdanan haqqını tələb edir, “Xankəndi mənim də evimdi. Izin verin, yolumu açın, evimə gedim!” deyir. 



 
Uzun illər Xankəndidə müəllim işləmiş, erməni separatçılarının ölkəmizin ərazi bütövlüyünə təcavüzü, Qarabağ və ətraf  bölgələrdə olduğu kimi Xankəndidə yaşayan azərbaycanlı əhalini yurd-yuvasından didərgin salmaları nəticəsində evindən, ocağından ayrı düşmüş professor Həvva Məmmədova da aksiyaya qatılmağa hazır olduğunu bildirdi. “Şərq”ə açıqlamasında H.Məmmədova Xankəndidə yaşadığı ünvanı da qeyd etdi : 

- Mən Xankəndidə Arşak Aruşanov küçəsi, 37 ünvanında yaşamışam. Xankəndi Pedağoji İnstitutunu bitirdikdən sonra Nizami adına 4 saylı, sonra da Səməd Vurğun adına 6 saylı məktəbdə müəllim işləmişəm. O illərdə Xankındidə kooperativ binalar tikilirdi. Müəllim kimi, mən də kooperativ mənzil növbəsinə dayandım.  Bina tikildi, mənzilə sahib oldum, təmir etdirdim. Lakin nankor ermənilərin başlatdığı torpaq iddiaları Qarabağımızı oda-alova bürüdü, mən təmir etrdirdiyim mənzilə köçüb yaşaya bilmədim. Yurd-yuvamızdan didərgin düşdük. 30 ildir Xankəndi adı çəkiləndə ürəyim titrəyir. Evimiz, obamız gözlərimin önündən getmir. Bir məsələni deyim ki, Xankəndidə hər 10 ildən bir əhalinin siyahıya alınması keçirilirdi. 1979-cu ildə keşirilən siyahıalmada mən iştirak etmişəm. Və əminliklə deyə bilərəm ki, 1979-cu ildəki siyahıyaalınmaya əsasən Xankəndidə yaşayan azərbaycanlıların sayı ermənilərdən qat-qat artıq idi. Amma sonrakı illərdə ermənilərin sayı süni şəkildə artırılmağa başlandı, saxtakarlıq edildi. Məqsədyönlü şəkildə erməni əhalisinin sayını artıq göstərməyə başladılar. Necə ola bilər ki, birdən-birə erməni əhalinin sayı artıb 100 min olsun, azərbaycanlılar isə 10 min? Bu, mümkünsüzdü. Azərbaycanlı ailəsində ən azı 2-3 övlad olur. Ata-ana, nənə-baba, uşaqlar. Hər il yeni doğulan körpələr... Ailə tərkibi ildən-ilə böyüyür. Amma o zamankı Xankəndinin (Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni rəhbərləri əhalinin siyahıyaalınmasında iştirak edən ermənilərə qəsdən, bilərəkdən erməni əhalisinin sayını artıq yazmalarına göstəriş verirdilər. Xankındinini firavan günləri ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti illərində oldu. Nə qədər ki, Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi idi, erməni separatçıları əl-qol aça bilmirdilər. Ümummilli lider siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ermənilər fəaliyyətə keçdi. Xankəndidə yaşayan yerli əhalini - azərbaycanlıları incitməyə, küsdürməyə başladılar. Bəziləri bu səbəblərdən Xankəndidən ayrıldı, köçüb başqa bölgələrə getdilər. Bu, məqsədyönlü siyasət idi və azərbaycanlı əhalinin sayının azaldılmasına xidmət edirdi. 

H.Məmmədova qeyd etdi ki, azərbaycanlı əhali hər nə qədər sıxışdırılıb çıxarılsa  da, yenə erməni əhalinin sayından çoxdur:
 
- Xankəndidə hazırda məskunlaşanlar arasında Suriyadan, Livandan köçürülmüş ermənilər çoxluq təşkil edir. Orada doğru-düzgün pasport qeydiyyatı aparılsa, məlum olacaq ki, yerli əhali cüzi saydadır. Heç 15 minə də çatmaz sayları. Mən qəti əminəm ki, Xankəndidə hazırda yaşayan erməni əhali seçim qarşısındadır. Onların əksəriyyəti Azərbaycan bayrağı altında, firavan yaşamaq istəyir. Qeyri-müəyyən vəziyyətin bitməsini istəyirlər. Bir ovuc separatçı isə buna imkan vermək istəmir, əhalini ağır duruma salırlar. Xankəndinin azərbaycanlı əhalisi ölkənin 48 bölgəsinə səpələnib. Təkcə Xankəndi şəhəri deyil, Cəmilli, Meşəli, Kosalar kəndləri, Xocalı, Kərkicahan qəsəbələrinin azərbaycanlı əhalisi artıq 12-ci gündür davam edən dinc aksiyaya qoşulmağa hazırdır. Bizim hər birimiz öz evimizə, küçəmizə qayıtmaq istəyirik və əminım ki, tezliklə qayıdacağıq!