İşğaldan azad edilmiş ərazilərdə onlarla sahibkar çalışır 

Tətbiq olunacaq güzəştlər sahibkarlıq fəaliyyətinin dayanıqlı və gəlirli olmasını təmin edəcək

“Dövlətin dəstəyi ona görə vacibdir ki, sahibkarlara itkilərin qarşılanmasında kömək etsinlər. Belə olan halda biz işğaldan azad edilmiş ərazilərdə qısa zamanda bir çox sahibkarlıq subyektinin müsbət fəaliyyətinin şahidi olacağıq”

Azad sahibkarlığın, liberal iqtisadiyyatın təşviqi

  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Dayaq” mükafatının təqdimetmə mərasimi keçirilib.  Bu mükafat KOBİA-nın sahibkarlığın təşviqi ilə bağlı həyata keçirdiyi növbəti bir proqramın yekunu olaraq bir sıra biznes nümayəndələrinə təqdim edilir.  Mükafata “Dayaq” adının verilməsi isə dövlətin sahibkarlara daim dayaq və dəstək olması anlamındadır.  Mükafatlandırmada əsas məqsəd nailiyyətləri ilə seçilən sahibkarların fəaliyyətini təqdir etmək və onların timsalında sahibkarlıq hərəkatının daha da genişləndirilməsini təşviq etməkdir.

Tədbirdə çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, 28 dekabr tarixi həm də, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaranması günüdür: “Ötən 5 il ərzində daim inkişaf etməyə, sahibkarların yanında olmağa və fəaliyyətimizi onların ehtiyac və gözləntilərinə uyğun qurmağa çalışdıq. Müxtəlif sahəvi müzakirələr, sorğular və sahibkarlar ilə yerlərdə görüşlər nəticəsində alınan məlumatlar həyata keçirdiyimiz tədbirlərin doğru istiqamətləndirilməsi, təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması baxımından əhəmiyyətli olub. 

Bir qədər sonra mükafat alacaq hər bir sahibkarın, eləcə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, təltif edilmiş sahibkarlarımızın əldə etdiyi nailiyyətlər bizi sevindirir. Çünki bizim fəaliyyətimizin, dövlətin dəstəyinin nəticəsi məhz sahibkarların uğurları ilə ölçülür”. O.Məmmədov qeyd edib ki, görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşıb.  Azərbaycan şirkətləri artıq xarici bazarlarda da uğurla fəaliyyət göstərir və ixrac potensialını genişləndirirlər. Ümummilli Lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyası yeni çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. Ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyasında sahibkarlığın, eləcə də KOB-ların inkişafının dəstəklənməsi ilə bağlı sistemli tədbirlər nəzərdə tutulub. Bu da biznes sektorunun yeni keyfiyyət mərhələsinə keçməsinə imkan verəcək. Ötən dövrdə bizneslərin fəaliyyətə başlaması və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə bir sıra dövlət dəstək mexanizmləri hazırlanaraq həyata keçirilib.  Ödənişsiz təlim və konsaltinq xidmətlərini əhatə edən KOB İnkişaf Mərkəzləri, vahid məkanda “G2B” və “B2B” xidmətləri göstərən KOB Evləri və yerlərdə birbaşa sahibkarlar ilə təmasda olan KOB Dostu şəbəkələri kimi platformaları qeyd etmək olar. Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq. Növbəti ildə icrası gözlənilən planlara mövcud dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi ilə yanası, yeni təşəbbüslərin reallaşdırılması da daxildir. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktik biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə uğurla istifadə olunan pilot “Model müəssisə” layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir və növbəti il ərzində yekunlaşması nəzərdə tutulur. KOBİA-a mandatı çərçivəsində Qarabağın bərpası və KOB sektorunun işğaldan azad edilmiş ərazilərə qayıdışı istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

 Qarşıdakı dövrdə də Qarabağın biznes potensialının yerli və xarici investorlar arasında təşviqi, bu bölgədə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlardan müraciətlərin qəbulu və ümumiləşdirilməsi, eləcə də bizneslərin yaradılması üçün zəruri əlaqələndirmə işləri KOBİA tərəfindən təmin ediləcək. Əsas məqsəd fəal dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində müəyyən edilmiş hədəflərə nail olmaqdır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas məqsədlərdən biri kiçik və orta biznesin (KOB) qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulda (ÜDM) payının 35 faizə çatdırılmasıdır. O qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi müəyyən edilir. Strategiyaya əsasən, qeyri-neft-qaz sektorunda KOB məşğulluğunun xüsusi çəkisinin 60 faizə çatdırılması da nəzərdə tutulur: “Ölkədə özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını artıracaq, qeyri-neft ixracı genişlənəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan bütün addımlar ölkədə sahibkarlığın, xüsusən də KOB-ların inkişafına yönəlib”. İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışı zamanı vurğulayıb ki, sahibkarlığa dəstək baxımından indiyədək əsas alət Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətiriləcək.  Bununla bağlı gələn ilin birinci rübündə təqdimat keçiriləcək. 

  Mövzu ilə bağlı fikirlərini “Şərq”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov qeyd etdi ki, bütün dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatı üçün də sahibkarlığın inkişafı vacib sahədir. Bu da kiçik və orta biznesin çevikliyi, məşğulluğu və iqtisadi sabitliyi ilə ölçülür: 

- Ölkədə kiçik və orta biznesin inkişaf göstəriciləri tədbirdə səsləndirildi. Bunlar, əlbəttə, sevindirici rəqəmlərdir. Hesab edirəm ki, ərazilərimizin işğaldan azad edilməsi qarşıya yeni məqsədlər qoyur. Burada əsas məsələ işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətlənməsini və iqtisadi inkişafı təmin etməkdən ibarətdir. Bu da sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Müsbət haldır ki, İqtisadi İnkişaf Nazirliyi işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı üçün xüsusi yanaşmalar tərtib edir. Tədbirdə də bu fikir səsləndi ki, Qarabağda istənilən Azərbaycan vətəndaşının fəaliyyətinə xüsusi yanaşmalar hazırlanır. M.Cabbarov qeyd etdi ki, ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılmasında KOB-ların rolu əvəzsizdir. Artıq işğaldan azad edilmiş ərazilərdə onlarla sahibkar çalışır. Yanvarın 1-dən tətbiq olunacaq güzəştlər, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələr məhz iqtisadi fəaliyyətin dayanıqlı və gəlirli olmasını təmin etməyə hesablanıb. Hesab edirəm ki, sahibkarların itkilərinin minimuma endirilməsinə xüsusi diqqət ayrılmalıdır. Hazırlanan dəstək mexanizmləri işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək sahibkarlıq subyektlərinə də tətbiq edilməlidir. Çünki məlum məsələdir, işğaldan azad edilmiş ərazilərdə çalışacaq həm vətəndaşların, həm də sahibkarlıq subyektlərinin işə başlayan kimi gəlir əldə etməsi çətindir. Bunun üçün müəyyən zaman lazım olacaq. Bu müddət ərzində zərərlərin qarşılanması vacibdir.  İqtisadiyyatın diversifikasiyalaşdırılmasında kiçik və orta biznesin rolu əvəzsizdir. Baxın, iqtisadiyyatda qarşıya qoyulan maliyyə hədəflərinə nail olma baxımından və bu zaman riskləri də minimallaşdırmaq üçün diversifikasiya ən vacib komponentlərdən biridir. Diversifikasiya nədir,  bu, risk-menecmenti alətidir və risklərin azaldılmasını təmin edir. Bu, kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanmasıdır. Məsələn, sahibkar investisiyanı bir sahəyə deyil,  bir neçə sahəyə yönəltməklə itki təhlükəsini azaltmış olur. 

Müəssisələr də həmçinin, istehsalını planlaşdırdığı məhsulun assortimentini  genişləndirir, bir məhsul üzərində deyil, bir neçə məhsulun istehsalına köklənir. 

Nəticədə hər hansı məhsuldan gəlir əldə edir. Lakin burada dövlətin dəstəyi ona görə vacibdir ki, sahibkarlara itkilərin qarşılanmasında kömək etsinlər. Belə olan halda biz işğaldan azad edilmiş ərazilərdə qısa zamanda bir çox sahibkarlıq subyektinin müsbət fəaliyyətinin şahidi olacağıq.